Heydər Əliyev Mərkəzində FİA Baş Assambleyasına yekun vurulub

Heydər Əliyev Mərkəzində FİA Baş Assambleyasına yekun vurulub

Bu gün Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Baş Assambleyasının illik yekun iclası keçirilib.

Mediasport.az xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov qonaqları salamlayıb.

Anar Ələkbərov FİA Baş Assambleyasının və Mükafatlandırma mərasiminin Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb, belə tədbirlərin məqsədinin ictimaiyyətin avtomobil idmanı sahəsinə marağının artmasına, Azərbaycanda bütün yol hərəkəti iştirakçılarını təhlükəsiz, dayanıqlı və əlçatan hərəkətlilik mövzusunda maarifləndirməyə yönəldiyini bildirib.

“Azərbaycan Avtomobil Federasiyası mütəmadi olaraq avtoidman sahəsində yarışlar, drift məşqləri, yolsuzluq avtomobilləri yürüşləri, kartinq yarışları, klassik avtomobillərin nümayiş olunduğu sərgi və yürüşlər təşkil edir, digər layihələr həyata keçirir”, - deyən federasiya prezidenti ölkəmizin 2016-cı ildən etibarən "Formula 1" yarışlarına ev sahibliyi etdiyini xatırladıb.

Bakı şəhərinin gözəl küçələrində "Formula 1" yarışının uğurla keçirilməsində göstərdiyi dəstəyə görə FİA-ya təşəkkürünü çatdırıb. O cümlədən Bakıda FİA həftəsinin uğurlu və yaddaqalan olmasında əməyi keçən hər kəsə, o cümlədən FİA əməkdaşlarına və könüllülərə minnətdarlıq ifadə edilib.

FİA həftəsi çərçivəsində paytaxtımızda bir araya gələn dünyanın müxtəlif ölkələrinin avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları, ümumilikdə 128 ölkənin nümayəndəsi, 189 klubun təmsilçisi, həmçinin onlayn şəkildə tədbirə qoşulan iştirakçılar dekabrın 5-dən fərqli formatlarda avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə ediblər.

Bakı müzakirələrinin səmərəsindən danışan Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed ben Sulayem bu cür mötəbər tədbirin FİA-nın işinə töhfə verəcəyini bildirib.

Müzakirələr zamanı səsvermələrin nəticəsi olaraq Baş Assambleyanın 2024-cü ilin iyunun 14-də keçiriləcək iclasının Özbəkistanın Səmərqənd şəhərində, gələn il dekabrın 13-dəki iclasının isə Ruandanın Kiqali şəhərində təşkil edilməsi təsdiqlənib.