İdmançılarımız Zaqrebdə Avropa çempionatında 4 medal qazandılar
Xorvatiyanın Zaqreb şəhərində savat idmanının (fransız əlbəyaxa milli idman növü) assault növü üzrə Avropa çempionatı keçirilib.
Azərbaycan Savat Federasiyasından Mediasport.az saytına verilən məlumata görə, milli komandamız bu yarışda 6 idmançı ilə təmsil olunub.
Qadınların yarışında Tutu İsmayılova (48 kiloqram), kişilərin yarışında Seymur Şahbazov (56 kiloqram), Həsən Əliyev (60 kiloqram), Ağadədə Əliyev (70 kiloqram), Beyrək Bağırov (75 kiloqram) və Sənan Babazadə (80 kiloqram) mübarizə aparıb.
Federasiya prezidenti Rafiq Əliyev və yığmanın baş məşqçisi Taleh Nağızadənin rəhbərlik etdiyi kollektiv 4 medal qazanıb. Seymur Şahbazov gümüş, Tutu İsmayılova, Həsən Əliyev və Sənan Babazadə isə bürünc medala layiq görüblər.
Qeyd edək ki, Tutu İsmayılova oktyabrda Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək Dünya Oyunlarına vəsiqə qazanıb.