"Qarabağ" "şahə" qalxdı, "Turan Tovuz" yuxarıda "lövbər saldı", "Şamaxı" sonda "şirə" döndü və...

"Qarabağ" "şahə" qalxdı, "Turan Tovuz" yuxarıda "lövbər saldı", "Şamaxı" sonda "şirə" döndü və...

Azərbaycan Premyer Lqiasında 2024-cü il üçün futbol mövsümünə yekun vuruldu. 18 turdan sonra turnir cədvəlində sensasion vəziyyət varmi? - Fikrimizcə, yox.

Futbol biliciləri hazırkı vəziyyəti çoxdan proqnozlaşdırırdılar. Müəyyən istisnalar var, təbii.

"Qarabağ"...Son illərin dəyişməz çempionu "Qarabağ"ın ənənəvi "sonradan relsə düşmə" davamiyyətini yenə müşahidə etdik. Qış fasiləsinə ən yaxın izləyicisi, çempionluq yolunda ciddi rəqib sayılmayan "Araz-Naxçıvan"dan 8 xal öndə yollanması, belə desək, "köhlən atlar"ın şahə qalxması gözlənilən idi. Avrokuboklarla tam vidalaşmaq üzrə olan Qurban Qurbanovun komandasının yanvardan sürətlə irəliləyərək rəqiblərindən çox-çox uzaqlaşacağı heç kimdə şübhə doğurmur.

"Araz-Naxçıvan"...Elmar Baxşıyev üçün yaradılan şərait və geniş heyət qarşılığında hazırkı nəticə bir qədər boydan yuxarı tullanma kimi görünə bilər. Lakin futbolçularının da individiual keyfiyyətlərindən maksimum yararlanan mütəxəssis məşqçilik bacarığı ilə təəccübləndirmək imkanının boşa vermədi. Bravo! Naxçıvanı təmsil etsə də, Muxtar Respublikaya faktiki aidiyyəti olmayan komandanın yayda Azərbaycanı avrokuboklarda təmsil edəcəyi 99 faiz dəqiqdir. Qış fasiləsindən sonra möcüzələr baş verməsə, əlbəttə.

"Turan Tovuz"...Dünyaca tanınmış Kurban Berdıyevin baş məşqçi postuna gətirilməsi ilə "Turan Tovuz" rəhbərliyinin artıq daha böyük hədəflərə iddia etdiyi anlaşılandır. Təcrübəli mütəxəssisin heyət sarıdan seçimi zəngin olmasa da, Tovuz klubunun ili 3-cü pillədə başa vurması, əlbəttə, türkmənistanlı çalışdırıcının məşqçilik bacarığının göstəricisidir. Ancaq heyət mütləq gücləndirilməlidir ki, komandanın sabiq oyun sxemi olsun və avrokuboka sonadək iddia edə bilsin.

"Zirə"...Ötən mövsümün nəticələri, xüsusən avrokubok matçlarında təəccübləndirməyi bacaran, Konfrans Liqasında pley-off mərhələsinə qədər irəliləyən Rəşad Sadıqovlu kollektiv əsasən son turlarda sabitliyi yaxalayaraq vəziyyətini xeyli yaxşılaşdırmağa müvəffəq oldu. "Qartallar"ın heyət və potensialına görə qışa fasiləsinə 4-cü sırada yollanması normal qarşılanmalıdır. Hətta bir qədər zəif nəticədir, deyə bilərik.

"Sabah"...Sanki hələ də stabillik axtarışında olan Masazır təmsilçisinin rusiyalı baş məşqçi Vasili Berezutskinin gəlişindən sonra relsə düşdüyü görüntüsü yaransa da, fasiləöncəsi "Şamaxı" məğlubiyyəti çox sual yaradır. Komandanın heyəti, potensialı, imkanları və futbolçularının fərdi keyfiyyətləri xeyli yüksək olsa da, faktiki liderdən 21 xal geri qalması yaxşı nəticə sayıla bilməz.

"Sumqayıt"...Mövsümə Samir Abasovla start verib Vaqif Cavadovla yola davam edən "gənclik şəhəri" təmsilçisi ikincinin gəlişindən sonra müsbət trayektoriya cızmağa başlayıb. Son 10 matçda yalnız büdcə və imkanlarına görə özündən yuxarıda olan rəqiblərə məğlub olan "kimyaçılar"ın irəliləyişi aşkar görünür. Komandanın bu gün turnir cədvəlində köklü "Neftçi"ni qabaqlaması təsadüfi sayıla bilməz.

"Şamaxı"...Əsasən kasad heyət və az büdcə ilə ümidləri doğrultduğuna şahidlik etdiyimiz Ayxan Abbasovun yayda tələm-tələsik, demək olar, sıfırdan formalaşdırdığı bölgə klubu mövsümə əla başlayaraq boyundan yuxarı tullanmışdı. Son iki ayda qeyri-sabit nəticələrin turnir cədvəlində özünü o qədər də büruzə verməməsinin səbəbi məhz vaxtından əvvəl yığılan gözlənilməz xallar idi. "Şirlər" qış fasiləsi ərəfəsində "Sabah" üzərində dominant futbolla inamlı qələbə qazanaraq rahat "yem" olmadıqlarını bir daha göstərdilər. Heyətə əl gəzdirilsə, komanda rahatlıqla ilk "6-lıq"da yerini təmin edə bilər.

"Neftçi"...Dərdinə illərdir çarə tapılmayan Azərbaycanın ən qədim klublarından "Neftçi"nin Samir Abasovun gəlişindən sonra müəyyən qədər düzələcəyi gözlənilsə də, hələlik nəticə olaraq ciddi dəyişən bir şey yoxdur. Ukraynalı Roman Qriqorçukun istefa verdiyi 9-cu tura qədər keçirilən matçları və Samir Abasovlu 9 turu müqayisə etsək, yaxşılığa doğru az, çox az dəyişikliyin şahidi ola bilərik, bunu işartı da adlandıra bilərsiniz. Ancaq dediyimiz kimi, bal-qaymaq içində saxlanılan komandanın faktiki nəticələrində qeyri-sabitlik kifayət qədər məyusedici və barışılmazdır.

"Kəpəz"...Varlığı ilə yoxluğu arasında var-gəl edən, orta hesabla 3-4 aydan bir baş məşqçi dəyişən "Kəpəz"in bugünkü mövqeyi qanunauyğunluqdur desək, yanılmarıq. Azərbaycanın ən titullu klublarından birinin neçə ildir belə acınacaqlı vəziyyətdə sürünməsi ürəkağrıdan olsa da, sponsorsuzluq və primitiv idarəçiliklə yüksək yerə iddia etmək də mümkün deyil. Odur ki, Gəncə klubu bu mövsüm də Premyer Liqada yerini qorusa, papaqlarını göyə tullasınlar.

"Səbail"...Bu mövsüm gözlənilmədən aşkar autsayderə çevrilən "Səbail"in daxilində nələrin baş verdiyini təfəffüratı ilə bilməsək də, komandanın cari turnir cədvəlindəki vəziyyəti, əslində, çox mətləbdən xəbər verir. Bayıl təmsilçisində də idarəçilikdə ciddi nöqsanlar var və nəticə olaraq, "dənizçilər"in "batmaq" üzrə olması məhz bununla paralel təşkil edir. Baş məşqçi postuna iddialı Cavid Hüseynovun gətirilməsi də uğursuzluq seriyasının müsbət istiqamətdə dəyişəcəyinə ciddi ümid vermir, açığı.

Mediasport.az