Dünyaca məşhur "Eurosport" nəşri "Qarabağ"ın tarixi zəfərindən yazdı
Tarixində ilk dəfə UEFA Avropa Liqasında 1/8 finala yüksələn "Qarabağ"ın uğuru dünya mediasında geniş işıqlandırılır.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionunun tarixi zəfərinə Britaniyanın nüfuzlu “Eurosport” nəşri də biganə qalmayıb.
Saytda "köhlən atlar"ın Portuqaliyanın “Braqa” komandasını mübarizədən kənarlaşdıraraq 1/8 finala vəsiqə qazanması barədə yazı dərc olunub.
Qeyd edilib ki, Qurban Qurbanovun komandası ikinci hissədə azlıqda qalsa da, mərhələ adlamağı bacarıb:
“İlk oyundakı 4:2 hesablı qələbədən sonra üstünlük meydan sahiblərinin tərəfində olsa da, Elvin Cəfərquliyevin qırmızı vərəqə alması “Braqa”ya ümid verdi. Əvvəl Rocer Fernandeş, ardınca isə Alvaro Calo fərqlənərək ümumi hesabı bərabərləşdirdi.
Lakin qonaqlar gözlənilməz qələbəyə doğru irəliləyərkən Mateus Silva "Qarabağ"ı növbəti raunda yaxınlaşdırdı. 115-ci dəqiqədə Simon Banzanın penaltidən vurduğu qol “Braqa”ya yenidən nəfəs verdi. Bununla belə, Nəriman Axundzadə 120-ci dəqiqədəki zərbəsi ilə dramatik oyunun taleyini həll etdi və “Qarabağ”ı növbəti mərhələyə daşıdı”.