"Turan Tovuz"un futbolçusu antirekord müəllifi olub
"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 19-cu turunda "Kəpəz"lə qarşılaşıb (1:2).
Mediasport.az xəbər verir ki, həmin oyunun 9-cu dəqiqəsində qırmızı vərəqə ilə cəzalanan Faiq Hacıyev mövsümün antirekorduna imza atıb.
Buna qədər ən erkən qırmızı vərəqə 6-cı turun "Zirə" - "Sumqayıt" matçında (1:0) qeydə alınmışdı. Pyer Zebli 11-ci dəqiqədə meydan sahiblərini azlıqda qoymuşdu.
Eyni zamanda, Hacıyev Premyer Liqanın PFL-in bayrağı altında keçirildiyi 2008-ci ildən indiyədək ən erkən qırmızı vərəqə alan azərbaycanlı futbolçu olub. Bu müddətdə yerli statusa malik futbolçulardan heç biri daha tez cəza almayıb.
Ümumilikdə isə Faiq PFL bayrağı altında təşkil olunan Premyer Liqada 3-cü ən erkən qırmızı vərəqənin müəllifidir. 2017/18 mövsümündə iki legioner daha tez meydandan kənarlaşdırılıb.
"Kəpəz"in keçmiş üzvü Dedimar Fereyra 2017-ci il noyabrın 18-də "Səbail"lə ev matçının (2:3) 5-ci, "Zirə"nin sabiq futbolçusu Milan Duriç isə 2018-ci il mayın 12-də "Kəpəz"lə ev görüşündə (2:1) 9-cu dəqiqədə belə ağır cəza alıb. Ən erkən üç qırmızı vərəqənin hamısı Gəncə klubunun iştirak etdiyi görüşlərə təsadüf edib.