Millimizə dəvət alan futbolçu Azərbaycan yığmasından üz çevirib
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasında çıxış etmiş Emil Mustafayev Ukrayna milli komandasında oynamaq istəyir.
Mediasport.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi bu barədə Ukrayna mətbuatına açıqlamasında məlumat verib.
Gənc futbolçu Ukraynanın əsas yığmasından dəvət gəlsə, imtina etməyəcəyini deyib:
“Mən Azərbaycan millisində oynamaq arzusunda idim, çünki atam bunu çox istəyirdi. Ruslan Rotan məni Ukraynanın gənclərdən ibarət komandasına dəvət edəndə artıq seçimimi etmişdim. Həmin vaxt bir komandadan digərinə keçmək düzgün olmazdı. Amma Ukraynanın əsas millisindən dəvət alsam, cavabım müsbət olar. Çünki bu cür dəvət min ildə bir dəfə ola bilər. Mən burada böyümüşəm və şəxsiyyət kimi formalaşmışam”.
Qeyd edək ki, Ukrayna Premyer Liqasında mübarizə aparan "Polesye" klubunun üzvü 2021-ci ilin noyabrında Azərbaycanın U-21 yığmasında debüt edib. Bu müddətdə 3 oyun keçirib.