Millimizin 3 boksçusu Avropa Kubokunda 1/4 finala yüksəlib
Azərbaycanın 3 boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda 1/4 finala yüksəlib.
Mediasport.az xəbər verir ki, 29 ölkədən 156 idmançının qatıldığı yarışın ikinci günündə Tayfur Əliyev, Sərxan Əliyev və Malik Həsənov 1/8 final səddini uğurla keçiblər.
T.Əliyev 60 kq çəkidə ilk döyüşündə italiyalı Cüzeppe Kanonikoya heç bir şans verməyib - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Avropa Oyunlarının mükafatçısı növbəti döyüşünü oktyabrın 12-də Rusiyanı təmsil edən Arşak Tovmasyana qarşı keçirəcək.
Tayfur Əliyevin qardaşı Sərxan Əliyev 71 kq çəkidə rinqə çıxıb. O, Toni Cası (İBAN) 5:0 (29:27, 29:27, 29:27, 29:27, 29:27) hesabı ilə məğlub edib. S.Əliyev iki gün sonra 1/4 finalda israilli Miroslav Kapulerlə üz-üzə gələcək.
63,5 kq-da qüvvəsini sınayan Malik Həsənov isə polşalı Bartumey Roskoviçi mübarizədən kənarlaşdırıb. 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanan boksçu oktyabrın 11-də fransalı Lunes Hamrauini sınağa çəkəcək.
Qeyd edək ki, Avropa Kubokunun 3-cü günündə Azərbaycan millisinin daha 2 boksçusu mübarizəyə qoşulacaq. Nicat Hüseynov (54 kq) belaruslu Cianis Salotski ilə, Nəbi İsgəndərov (67 kq) isə ispaniyalı Adrian Krusla (İspaniya) görüşəcək.