Boksçularımız 150 min dollar qazandılar, yığma 7-ci oldu - DÇ-2023

Boksçularımız 150 min dollar qazandılar, yığma 7-ci oldu - DÇ-2023

Azərbaycan boksçusu Alfonso Dominges (86 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya çempionatında final döyüşünü keçirib.

mediasport.az xəbər verir ki, kubalı Dünya çempionumuz həlledici görüşdə rusiyalı Şarabutdin Atayevlə dueldən məğlub ayrılıb.

Beləliklə, Azərbaycan millisi mundialı 2 medalla başa vurub. Domingesdən öncə Məhəmməd Abdullayev (+92 kq) bürünc mükafata layiq görülüb.

Azərbaycan boksçularından Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq) və Eldar Quliyev (92 kq) isə DÇ-ni  medalsız başa vurub.

Mundiala 13 boksçu ilə yollanan yığmamız Dünya çempionatında ümumi hesabında yeddinci yeri tutub ki, bu da qənaətbəxş nəticə sayıla bilməz. Ev sahibləri (5-2-2) birinci, Qazaxıstan (4-1-0) ikinci, Rusiya (2-0-4) üçüncü olub.

5,2 milyon ABŞ dolları mükafat fondu olan yarışda 107 ölkədən 538 idmançı mübarizə aparıb. Dünya çempionu tituluna yiyələnən boksçular 200 min ABŞ dolları gəlir əldə ediblər. İkinci yerin sahibləri 100 min, bürünc medal qazananlar isə 50 min dollarla mükafatlandırılıblar. Qaliblərə, həmçinin, İBA-nın xüsusi kəməri də təqdim olunub.