Millimizin rəqibləri müəyyənləşdi
Voleybol üzrə tələbə oğlanlardan ibarət Azərbaycan millisinin XXXI Ümumdünya Yay Universiadasında rəqibləri müəyyənləşib.
MediaSport.az xəbər verir ki, Çinin ev sahibliyi edəcəyi yarışda C qrupunda mübarizə aparacaq komandamız Ukrayna, Yaponiya və Çin yığmaları ilə qarşılaşacaq.
Voleybolçularımız ilk oyununu iyulun 29-da Ukrayna kollektivinə qarşı keçirəcəklər. Millimiz bir gün sonra Yaponiya ilə üz-üzə gələcək. Qrupda son matçımız avqustun 2-də meydan sahiblərinə qarşı olacaq.
Qeyd edək ki, hər qrupda ilk iki pilləni tutacaq komandalar çemponluq uğrunda mübarizəni davam etdirəcəklər. Üçüncü və dördüncü olacaq yığmalar isə 9-16-cı yerlər üçün mübarizə aparacaqlar. XXXI Ümumdünya Yay Universiadası avqustun 7-də başa çatacaq.