Millimizin təcrübəli futzalçısı: "Tam hazır olduğumu deyə bilmərəm"
Çempionlar Liqasının əsas mərhələsində sabah İsveç çempionu “Örebro” klubu ilə qarşılaşacaq “Araz-Naxçıvan” hazırlığını matçların keçiriləcəyi Bosniya və Herseqovinanın Mostar şəhərində davam etdirir.
mediasport.az xəbər verir ki, zədəli olan və komandanın hazırlıq prosesindən kənarda qalan Ramiz Çovdarov artıq məşqlərə qoşulub.
Təcrübəli futzalçı həm sağlıq durumuna aydınlıq gətirib, həm də komandadakı vəziyyətlə bağlı danışıb:
“Məşqlərə başlamışam, komandanın Mostardakı hazırlıq prosesinə də qoşuldum. Amma tam hazır olduğumu deyə bilmərəm. Zədəm tam sağalmayıb. Çalışacam oyunlarda komandama kömək edim, lakin bu matçlarda iştirak etmək mənim üçün bir qədər riskli ola bilər. Zədəm tam sağalmadığı üçün hər an nəsə ola bilər. Baş məşqçi vəziyyəti bilir, meydana nə vaxt daxil olacağımla, neçə dəqiqə oynayacağımla bağlı o qərar verəcək. Komanda oyunlara mümkün qədər yaxşı hazırlaşmağa çalışır. Ancaq zədəli oyunçuların olması işimizi axsadır. Mən də daxil olmaqla 4 futzalçı zədəlidir. Zədəlilərdən kimlərin oynaya biləcəyi hələ məlum deyil. Oyun ərəfəsində müəyyənləşəcək. Atmosferi korlayan da bu məqamdır. İstənilən halda, mübarizə aparacağıq. Əlbəttə, məqsədimiz növbəti mərhələyə yüksəlməkdir. “Örebro” haqda geniş məlumata malik deyiləm. Baş məşqçi komandaya rəqibin oyununu göstərib, söhbət edib. Həmin yığıncaqda fizioterapevt yanında olduğuma görə, iştirak edə bilməmişəm. Yəqin ki, oyunöncəsi yenidən bunu edəcək, necə oynamalı olduğumuzu deyəcək. Ancaq kimliyindən asılı olmayaraq, istənilən rəqibə hörmətlə yanaşmalı, gücünü kiçiltməməliyik”.