"İclas keçirdik, qərara gəldik ki, baş məşqçi postunda dəyişiklik edək"
Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” vitse-prezidenti Mahmud Sadıqov açıqlama verib.
mediasport.az xəbər verir ki, klub rəsmisi yeni baş məşqçi Vitali Borisovun təyinatı barədə fikirlərini bildirib.
Sadıqov Joze Alesio Da Silva ilə əməkdaşlığın uzadılmaması haqda danışıb: “Klubdaxili iclas keçirildi. İdman-direktoru Marat Salyanski və digər əməkdaşlarla ötən mövsümü dəyərləndirdik. Qərara gəldik ki, baş məşqçi postunda dəyişiklik edək. Uzun müddət komandamızın “sükanı” arxasında olmuş Joze Alesio Da Silvaya xidmətlərinə görə təşəkkür edirik.
Həqiqətən komandamız onun rəhbərliyi altında bir neçə uğur qazanıb. 2010-cu və 2014-cü illərdə UEFA kubokunun (indiki Çempionlar Liqası) “Dördlər finalı”ında iştirak etdik və hər iki mövsümdə bürünc medal qazandıq. Bu dəfə yerli məşqçilərdən birinə güvənmək və yeni səhifə açmaq qərarına gəldik. Vitali Borisovu uzun müddətdir tanıyırıq, futzalçı kimi komandamıza və futzalımıza faydası çox olub. Məşqçi kimi də bir neçə komandada çalışıb, qabiliyyətinə, nəyə qadir olduğuna bələdik. Bu dəfə ona şans verməklə məşqçi kimi də zirvələrə çatmasını, azarkeşlərin yenidən sevimlisinə çevrilməsini istəyirik. Əlbəttə, klubumuzun öz startegiyası, tələbləri, hədəfləri var. Baş məşqçimiz də bunu bilir, onunla görüş zamanı da tələblərimizi diqqətinə çatdırdıq. “Araz-Naxçıvan” ancaq daxili yarışlarda qazanılan uğurlarla kifayətlənmir. Bu dəfə UEFA Çempionlar Liqasında yaxşı nəticə ilə əvvəlki nüfuzumuzu geri qaytarmaq istəyirik. Planlarla, heyətdə hansı dəyişikliklərin olacağı ilə bağlı baş məşqçi yaxın günlərdə bizə məlumat verəcək, biz də klubun imkanları daxilində ona ən yaxşı şəraiti yaratmağa çalışacağıq. Hər zaman mehriban və iddialı kolletivimiz olub, çalışacağıq bu tendensiya davam etsin”.