MOK-da Paris Olimpiadasına hazırlıq müzakirə olunub

MOK-da Paris Olimpiadasına hazırlıq müzakirə olunub

Milli Olimpiya Komitəsində (MOK) "Olimpiya Gündəliyi-2020" Komissiyasının iclası keçirilib.

Mediasport.az xəbər verir ki, qurumun baş katibi Azər Əliyevin sədrliyi ilə keçirilən iclasda komissiyanın gördüyü işlər, təşkil olunan idman tədbirləri və görüşlər, “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığın gedişatı, həmçinin komissiyanın bu il üzrə fəaliyyət planı müzakirə olunub.

Azər Əliyev iclasın əvvəlində komissiyanın yeni üzvü seçilən Rüstəm Orucovu təbrik edərək ona uğurlar arzu edib.

İclasda komissiyanın “İdman hamı üçün” və “Qadın idmanda“ televiziya proqramları ilə bağlı cari məsələləri də müzakirə edilib.

MOK-un Beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov “İdman hamı üçün” televiziya proqramının 2024-cü il mövsümü ərzində çəkilən buraxılışlarına dair ümumi məlumat verib.

MOK-un Marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva “Olimpiya Gündəliyi-2020” Komissiyasının televiziya layihəsindən biri olan “Qadın idmanda” verilişinin yeni buraxılışları, mövzusu və qonaqları haqqında danışıb.

“Təhlükəsiz idman” mövzusundan danışan MOK-un İdman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev bununla bağlı maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. O, sonra mövzu ilə bağlı təqdimatı komissiya üzvlərinin diqqətinə çatdırıb.

Sonra komissiya üzvləri yeni mövsüm üçün təkliflərini səsləndiriblər.

Qeyd edək ki, “Olimpiya Gündəliyi-2020” Komissiyasının əsası 2017-ci ildə qoyulub. Komissiya Beynəlxalq Olimpiya Komitəsi tərəfindən yenilənmiş strateji sənədin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə xidmət edir.