Musanın meneceri açıqladı: "Klubla danışıb narazılığımızı bildirmişik"

 Musanın meneceri açıqladı: "Klubla danışıb narazılığımızı bildirmişik"

İsveçin “Yurqorden” klubunda çıxış edən Musa Qurbanlının komandadan ayrılacağı barədə iddialara aydınlıq gətirilib.

Mediasport.az xəbər verir ki, futbolçunun meneceri Tural Əsgərov “ARB 24” kanalına bu haqda açıqlama verib.

Tanınmış agent Stokholm təmsilçisinin hücumçuya qarşı inamsızlıq etdiyini deyib:

“Musanın “Yurqorden”dəki gələcəyi barədə danışmaq çətindir. Komandanın qışda etdiyi yeni transferlərdən heyətdə rəqabət yaranacağı hiss olunurdu. Ancaq son iki turda Musanın oyunların iştirak ərizəsinə daxil edilməməsi bizdə təəccüb və hiddət doğurub.

Klubun bu davranışı Qurbanlıda da inamsızlıq yaradıb. Bu barədə artıq “Yurqorden” rəhbərliyi ilə danışıb narazılığımızı bildirmişik. Yaxın günlərdə bir daha danışmağa çalışacağıq. Musa “Yurqorden”dən ən pis halda yayda ayrıla bilər. Bu, iyun ayından tez baş tuta bilməz. Hazırda onun “Qarabağ”a və ya digər bir kluba keçib-keçməyəcəyi bəlli deyil”.

Qeyd edək ki, İsveç klubu ilə ötən yay 3 illik müqavilə bağlayan 22 yaşlı forvard sosial şəbəkə hesabında "Yurqorden"i izləmədən çıxarıb və orada oynamasına dair məlumatı profilindən silib.

Musanın yayda "Qarabağ"a qayıdacağı deyilir.