"Muxtariyyət kuboku" başlandı: "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi
Azərbaycan və Türkiyənin yeniyetmə qızlardan ibarət voleybol klublarının iştirakı ilə muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş "Muxtariyyət kuboku" uğrunda birinciliyə start verilib.
Mediasport.az xəbər verir ki, yarışın rəsmi açılış mərasimində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edən Naxçıvan Voleybol Federasiyasının prezidenti Vüqar Əliyev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov turnirin məqsəd və əhəmiyyəti barədə danışıb, təəssüratlarını bölüşüblər.
Çıxışında xalq şairi Bəxtiyar Vahabzadənin "Azərbaycan - Türkiyə" şeirini səsləndirməklə ölkələrarası qardaşlıq münasibətlərinindən duyulan dərin məhəbbəti ifadə edən İğdır Gənclik və İdman İl müdiri Recai Şahin "Muxtariyyət kuboku"na Türkiyə klublarının dəvət olunmasına görə təşəkkürünü bildirib.
"Naxçıvan" komandasının kapitanı Zeynəb Babayeva tərəfindən digər klub kapitanlarına rəmzi hədiyyələr təqdim edilib.
Mərasimdən sonra "Naxçıvan" və "Sumqayıt" açılış oyunu üçün meydanda olublar. Görüş ev sahibi komandanın 2:0 hesablı (25:16, 25:10) hesablı üstünlüyü ilə tamamlanıb.
İlk oyunun iştirakçıları "Əskişəhər" və "Tovuz"la birgə A qrupunda mübarizə aparır. B qrupunda U-16 Azərbaycan millisi, "Gəncə", "Şərqi Zəngəzur", "İğdır" komandaları qərarlaşıb. 7 sentyabrda final və üçüncülük oyunları keçiriləcək.