Azərbaycan qılıncoynadanlarından Bəhreyndə 1 qızıl, 3 bürünc medal
Azərbaycanın gənc qılıncoynadanları Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında 1 qızıl və 3 bürünc medal qazanblar.
Mediasport.az xəbər verir ki, Valentina Zeynalova qız sablyaçıların şəxsi yarışında qızıl mükafat əldə edib.
Qrup mərhələsini 5 qələbə ilə başa vuran Valentina pley-offda Misir və Rumıniya təmsilçilərinə qalib gələrək finala yüksəlib. İdmançımız həlledici qarşılaşmada Çin qılıncoynadanı Mu Jinyuya 15:9 hesabı ilə qalib gəlib.
Qrup mərhələsini 4 qələbə ilə başa vuran Leyla Əhmədova qız sablyaçıların şəxsi mübarizəsində pley-offda meksikalı rəqibinə qalib gəlsə də, finalın bir addımlığında çinli Mu Jinyuya uduzub.
Mirxətai Məmmədov və Emin Səfərbəyov isə oğlanların şəxsi yarışında qılıncoynatmanın şpaqa növündə mükafatçılar sırasına düşüblər.
Hər iki şpaqaçımız qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib. Mirxətai pley-offda Oman və Çini təmsil edən rəqiblərini məğlub edərək yarımfinala yüksəlməklə bürünc təmin edib. Qılıncoynadanımız finala yüksəlmək uğrunda keçirilən görüşdə ukraynalı rəqibinə uduzub.
Pley-offda Səudiyyə Ərəbistanı şpaqaçısına qalib gələn Emin Səfərbəyov 1/2 finalda turnirin qalibi Çin Taypeyini təmsil edən Li Ranqa məğlub olub.