Şuşa klubu sabah Azərbaycan çempionatında debüt edəcək

Şuşa klubu sabah Azərbaycan çempionatında debüt edəcək

Sabah voleybol üzrə 2022/2023 illər mövsümünə start veriləcək.

Azərbaycan Voleybol federasiyasından mediasport.az saytına verilən məlumata görə, mövsümə kişi voleybolçular arasında Yüksək Liqanın debütant klubu “Xarı bülbül” və MOİK komandalarının oyunu ilə start veriləcək.

Görüş saat 14:00-da başlayacaq. Ardınca həm qadın, həm də kişi voleybolçuların çempionatlarının rəsmi açılış mərasimi təşkil olunacaq.

Ötən illərdən fərqli olaraq, bu il həm qadınların, həm də kişilərin çempionatı Yüksək Liqa adlanacaq. Qadınların yarışında “Azərreyl”, “Abşeron”, “Murov” və UNEC klubları çempion adı uğrunda mübarizə aparacaqlar. Kişilərin mübarizəsində isə MOİK, “Neftçi” “Murov” və mədəniyyət paytaxtımız Şuşanı təmsil edəcək “Xarı bülbül” qüvvəsini sınayacaq.

Qadın və kişi voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək. Çempionatların açılış mərasimi və oyunlar “Voleybol Mərkəzi”də keçiriləcək.

Bu ay həmçinin qadınlar və kişi voleybolçular arasında I liqa yarışlarına da start veriləcək.


Yüksək Liqa (kişilər). 1-ci tur


15 dekabr (proqram)

14:00. “Xarı bülbül” - MOİK (I tur)

16:00. Azərbaycan çempionatının rəsmi açılış mərasimi