"Necə söz verə bilərəm ki, çempion olacağıq? - Alınmasa deyəcəksiz ki..."
"Bu gün iki komandanın ifasında parlaq oyun gördük. "Qəbələ" ilə oyunlarımız hər zaman maraqlı alınır, açıq futbol gedir. Hesaba baxmayaraq, oyun çətin keçdi. Avrokubok matçından sonra həm bizim, həm də "Qəbələ"nin bərpa olmaq üçün cəmi iki gün vaxtı var idi. Yaxşı intizam, yaxşı sürət görə bildik. Şadam ki, qalib gəldik".
mediasport.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 1-ci turunun "Qəbələ" ilə görüşündən sonra deyib.
Ötən mövsüm də "Qəbələ"yə hər dörd oyunda qalib gəlmişdiz, amma bu cür hesablar qeydə alınmamışdı. Bu gün hesabın belə olması "Sabah"ın güclənməsindən xəbər verir, yoxsa "Qəbələ"nin zəifləməsindən?
- Bizim kiçik üstünlüyümüz o idi ki, avrokubok görüşünü evdə oynamışdıq. "Qəbələ" isə Kiprdə oynayırdı və geri qayıtmalıydılar, yatmayacaqdılar. Bütün bunlar çətindir. Biz bir az gümrah idik. Ancaq ümumi olaraq hansısa sözlər demək çətindir, çünki cəmi bir tur geridə qaldı. Hər şey mümkündür. "Qəbələ"yə qarşı oynamaq çətindir. Onlar yaxşı hücum edən kollektivdir. Layiqli şəkildə də ölkə kubokunu qazanmışdılar.
İkinci hissənin əvvəlində Tellur Mütəllimovla Rəhman Daşdəmirova şans verdiz. Bu, "Partizan"la oyuna hazırlığın əlaməti idi?
- Con İrasabal özünü narahat hiss etdiyi üçün Rəhman meydana çıxdı. Boyanın Tellurla əvəz edilməsi isə daha çox planlaşdırılmış idi. Çünki Letiç hər zaman böyük həcmdə iş görür. Ona istirahət vermək qərarına gəldik.
Azarkeşlər oyunun gedişində "Murad Musayev bizi çempion et" şüarını səsləndirdilər.
- Azarkeşlərimizə bizə daim dəstək olduqları üçün təşəkkür edirəm. Söz verirəmsə, ona əməl etməliyəm. Necə deyə bilərəm ki, biz sabah udacağıq, çempion olacağıq? Alınmasa, birinci siz deyəcəksiz ki, söz vermişdiniz, bəs necə oldu? Azərbaycan Premyer Liqası daha da güclü oldu. Bura maraqlı futbolçular gəlir. Məşq edəcəyik, işləyəcəyik, necə olacağını görəcəyik. Hələ ki, heç bir söz verə bilmərəm. Bir tur geridə qalıb.
Coy Lens Mikelslə məsələ nə nə yerdədir?
- Kluba rəsmi təklif gəlib. Onu transfer etmək istəyən klub var. Amma biz onu satmaq, onunla yollarımızı ayırmaq istəmirik.Çünki bizim vacib, lider oyunçularımızdan biridir. Müqaviləsində bənd var ki, özü müəyyən məbləğ ödəyərək sərbəst qala bilər. Hələ ki, heç nə dəqiq deyil. Lens özü də yekun qərarını verməyib. Hadisələr necə inkişaf edəcək, bilmirəm.
Növbəti həftə hər üç klubumuz eyni gündə rəqiblərini qəbul edəcək. Bakı elə də böyük şəhər deyil, "Sabah" da debütant klubdur. Azarkeşlərin daha çox "Qarabağ" və "Neftçi"nin oyununa maraq göstərməsi, sizi narahat etmir? Onlara nə söz verə bilərsiz ki, stadion dolsun?
- Bəli, bu məni narahat edir. Çünki stadionda dolu tribunalar qarşısında oynanılanda tamam başqa atmosfer, emosiyalar olur. Biz hamıdan uzaqdayıq və bizim oyuna gəlmək, "Qarabağ" və "Neftçi"nin stadionuna yollanmaqdan daha çətindir. Üstəlik, oyun həftəiçidir. İnsanlar işinə də getməlidir. Çətindir, amma bizi dəstəkləməyə gələcək hər bir insana öncədən təşəkkür edirəm. Əgər kiminsə gəlmək şansı varsa, onları tribunada görməkdən şad olacağıq. Söz verirəm ki, "Partizan"la görüşdə uğurlu nəticə üçün ən yaxşısını edəcəyik, cəsarətli oynayacağıq.