Dünya birinciliyində 5 medal qazanan boksçular Vətənə dönüb
Monteneqronun Budva şəhərində gənclər arasında keçirilmiş dünya birinciliyində yüksək nəticələr əldə etmiş Azərbaycan boksçuları Vətənə qayıdıblar.
Mediasport.az xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Boks Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Gənc boksçularımız birincilikdə iki gümüş, üç bürünc medal qazanıblar.
Baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında Bilalhəbaşi Nəzərov (48 kq) və Əli Abdullayev (63,5 kq) dünya ikincisi, Zidan Hümbətov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq) və Aynur Mikayılova isə dünya üçüncüsü olublar.
Bu nəticə Azərbaycan boks tarixində yeni rekorddur. Millimiz indiyədək gənclərin dünya birinciliyində heç vaxt bu qədər mükafat qazanmayıb.
Əvvəlki rekord 2004-cü ildə qeydə alınıb. 20 il əvvəl 4 boksçumuz yarımfinala adlayıb.
Cənubi Koreyanın Jeju şəhərində baş tutan mundialda boksçularımızın qazancı 4 bürünc mükafat olub.
Aynur Mikayılova isə mundialda medal qazanan ilk azərbaycanlı qız boksçudur.