“Turan Tovuz” və “Qarabağ” üzərindəki qələbələr düzgün yolda olduğumuzu göstərir
"Səbail"in hücumçusu, Azərbaycan Premyer Liqasının bombardiri (3 qol) Aleksandr Ramalinqom Mediasport.az saytının suallarını cavablandırıb.
Artıq 5 tur geridə qalıb. Premyer Liqa və "Səbail"in turnir cədvəlindəki mövqeyi haqda nə deyə bilərsən?
- Son iki oyunda “Turan Tovuz” və “Qarabağ” üzərində qazandığımız qələbələr düzgün yolda olduğumuzun göstəricisidir. Ümumi götürsək, əslində məğlub olduğumuz matçlarda da yaxşı çıxış etmişdik, sadəcə, bəzi məqamlarda bəxtimiz gətirməmişdi. Çox yaxşı komandamız var, zamanla daha yaxşı olacağıq. Əslində, əvvəlki görüşlərimizi də yaxşı keçirmişdik. Komandada yeni futbolçu çoxdur. Bir neçə turdan sonra hər şey yoluna düşür.
Səncə, komanda avrokuboklara vəsiqə qazana bilər?
- Ümumiyyətlə, çempionat yeni başlayıb və bu haqda fikir bildirmək düzgün çıxmaz. Biz hər oyuna qələbə üçün çıxırıq. Düşüncəmiz uğurlu nəticələr qazanıb xal ehtiyatımızı artırmaq, turnir cədvəlində yerimizi möhkəmləndirməkdir. Azarkeşlərimizi sevindirmək istəyirik.
Premyer Liqada artıq 3 qol vurmusan, individual olaraq məqsədin nədir?
- Əsas məqsədim komandamın qələbə qazanmasıdır, biz bir kollektivik. Burada kiminsə uğurlu olmasından vacib komandanın yaxşı nəticələr əldə etməsidir. Qol vurmağıma gəlincə, əlimdən gələn hər şeyi etməyə hazıram və bundan sonra da belə davam etməyə çalışacam.
Azərbaycan Premyer Liqası gözlədiyin, təsəvvür etdiyin kimidir, yoxsa güclü və ya zəifdir? Fransanın 3-cü liqası ilə müqayisə etmək olar?
- Çempionatın səviyyəsi çox yaxşıdır. Əla futbolçular, güclü komandalar, yaxşı rəqabət, maraq var. Biz də zamanla daha yaxşı olacağıq. Fərqli ölkələr, fərqli ab-havadır, müqayisə eləməyim bir qədər düz çıxmaz.
Qarşıda Gəncə səfəri var. "Kəpəz"lə oyundan nə gözləyirsən?
- Səfərdə çıxış etmək çətindir, bu hər kəsə məlumdur. Bacardığımız hər şeyi edəcəyik ki, uğurlu nəticə qazanıb azarkeşlərimizi sevindirək.