"Özünə və komandaya qarşı belə yanaşmaq olmaz" - TƏNQİD
Yunan-Roma üzrə güləş milli komandamızın baş məşqçisi Aleksandr Tarakanov yığmamızın Dünya Kubokunda ikinci yeri tutmasını dəyərləndirib.
mediasport.az xəbər verir ki, mütəxəssis Bakıda ilk dəfə keçirilən yarışda gümüş medalları qazanmalarını çox güləşçinin zədəli olması ilə əlaqələndirib.
- İnsan fiziki cəhətdən zəif olanda yox, psixoloji hazır olmayanda uduzur. Xüsusilə də məşqlərdə bu nüans vacib rol oynayır. Yarış isə bizim necə hazırlaşmağımızı göstərən səhnədir. Zədəlilərimiz çox idi. Bununla bağlı məşqçilərlə danışıqlarımız olmuşdu. Aşağı çəkilərdə rəqabət yaxşıdır. Bunun nəticəsində onlarda inkişaf var. Güvəndiyimiz, nəticə gözlədiyimiz çəkilər yarışda yaxşı çıxış etdilər. Məhz bu komanda Avropa çempionu oldu, dünya çempionatının mükafatını qazandı, Dünya Kubokunda isə finala çıxdı”.
Tarakanov bizdən fərqli olaraq İran yığmasının daha çox gənclərə şans verməsi ilə bağlı sualın cavabında qeyd edib ki, bu ölkədə güləşçilər arasında geniş seçim imkanı var: “Təkcə elə əhali sayı arasındakı fərqə baxanda bunu görmək mümkündür. Bizim çempionatımızda onlardakından daha az güləşçi iştirak edir. Rəqabət səviyyələri arasında çox fərq var. İranın ölkə çempionatında 300-dən çox güləşçi iştirak edirsə, bizdə bu say maksimum 120 olur. Bu səbəbdən biz gəncləri çox önə çıxara bilmirik. Amma yenə də imkan daxilində onlara şans verməyə çalışırıq. Bu gün 60 kq-da Nihad Məmmədli güləşdi. Pis də çıxış etmədi. Mübarizəyə yaxşı başlamışdı. Bir az bəlkə təcrübəsi çatmadı. Məşqlərdə də yaxşı iştirak edir. Artıq özünü isbatlamaq ərəfəsindədir”.
Milli komandanın baş məşqçisi aşağı çəkilərdən fərqli olaraq ağır çəkilərdə zəif olduğumuzu da qeyd edib: “Yüngül çəkilərdə rəqib qarşısında üstünlük qursaq da, sonradan bu üstünlüyü əldən verdik. 97 kq-da Arif Niftullayevdən qələbə gözləyirdik. Amma o elə səhvə yol verdi ki, belə xətaları bu kimi yarışlarda bağışlamırlar. Mənim də, azarkeşlərin də, heç kimin bugünkü çıxışı xoşuna gəlmədi. Özünə və komandaya qarşı belə yanaşmaq olmaz. Dünya çempionatında o, əla mübarizə aparmışdı və üçüncü yeri tutmuşdu. Orda demək olar ki, bütün rəqibləri dünya çempionatının və Olimpiadaların mükafatçıları idilər. Burda isə ola bilsin ki, psixoloji olaraq nəsə çatmadı. Bir az dincəlib özümüzə gələndən sonra bir daha aydınlaşdıracağıq”.
Super ağır çəkidə - 130 kq-da mübarizə aparan Beka Kandelakinin görüş ərzində önə keçsə də, sonrada bu üstünlüyünü qoruyub saxlaya bilməməsinə və rəqibinə hansısa fəndlə deyil, sadəcə dəfələrlə xalçadan kənara çıxarılmaqla məğlub olmasına da toxunan rusiyalı mütəxəssis onda ambisiyanın çatışmadığını deyib: “Bu cür yarışlarda qalib gəlmək üçün super ağır çəkidəki idmançılarımız məşqdə daha çox çalışmalıdırlar. Fakt budur ki, məğlub oldular. İdmançı gərək qələbə qazanmaq, uğur əldə etmək üçün cəhd etsin, ambisiyalı olsun. Doğrudur, yunan-Roma güləşçisi gərək fiziki cəhətdən də güclü olsun, amma fəndlərdən istifadə etmək də önəmlidir. Məşqlərdə kim ki çalışır, əziyyət çəkir, mübarizə aparırsa, ordan da nəticə çıxır. Kiçik çəkilərdə belə rəqabət var deyə nəticə də var. Ağır çəkilərdə isə bu aqressiya, bu əzmkarlıq yoxdur. Məşq prosesini yaxşı səviyyədə keçirmirsənsə, yarışda da istədiyin nəticə alınmayacaq”.