"Pul müqabilində yığmada çıxış edən futbolçulara milli pasportun verilməsi cinayətdir" - REAKSİYA
"Qarşılaşma ilə bağlı çox fikirlər səsləndirilib. İsveç üzərində böyükhesablı qələbə eyforiya yaratmışdı. Reallıq fərqlidir, Belçika üzərində qələbə şansı nəzəri görünürdü, heç-heçə ehtimalının faiz dərəcəsi də minimal idi".
Bu sözləri Mediasport.az saytına açıqlamasında sabiq FİFA referisi Tahir Süleymanov deyib.
“Neftçi”nin keçmiş vitse-prezidenti AVRO-2024-ün seçmə mərhələsinin Belçika ilə səfər oyunu (5:0) haqda fikrlərini bölüşüb:
"Ramil Şeydayevin, Bəhlul Mustafazadənin cəzalı duruma düşməsi də obyektiv çətinliklər yaradırdı. Belə durumda doğru heyət, taktiki quruluş, meydanda sona kimi mübarizə aparmaqla layiqli müqavimət göstərmək olardı. Bunların heç biri baş vermədi və belçikalılar ilk hissədən sonra güzəşt etdi, yoxsa nəticə daha faciəvi ola bilərdi. Qalib heyətin rotasiya edilməsi məcburiyyəti çətinlik yaradacaqdı. Bu azmış kimi, öz klubunda daimi çıxış etməyən, zədədən sonra optimal formasından uzaq olan, oyun intizamsızlığı ilə seçilən Eddi İsrafilova güvənildi. Güclü, sürətli futbolçuları olan rəqibə qarşı ən mühüm mövqelərdən birinin hazır olmayan oyunçuya həvalə edilməsi məsuliyyətsiz addım idi. Cavabı özünü çox gözlətmədi. Oyunun əvvəlində ardıcıl iki sarı vərəqə alan milliləşdirilmiş futbolçu onsuz da geridə olan yığmanı daha pis vəziyyətdə qoydu. Seçimlə bağlı eyni sözlər Höccət barədə də bildirilməlidir. Ümumiyyətlə, Azərbaycana faktiki, mənəvi, ruhən bağlılığı olmayan, yaşı keçmiş, pul müqabilində yığmada çıxış etməyə razılıq verən futbolçulara milli pasportun verilməsi cinayətdir. Onların əvəzinə yerli futbolçuların, gənclərin çıxış etməsi, təcrübə toplaması, püxtələşməsi daha doğru addım olar".
Süleymanov Canni De Byazi ilə müqavilənin uzadılmamasının tərəfdarıdır. O, milli komandanın yerli baş məşqçiyə tapşırılmasının daha faydalı olacağını olduğunu qeyd edib:
"Torresdən tutmuş De Byaziyə kimi neçə-neçə məşqçi gətirilib yola salınıb, milyonlarla vəsait havaya sovrulub və heç bir nəticə əldə edilməyib. Ciblərə axıdılan vəsait infrastruktura, bölgə futboluna yönəldilməli, yeni-yeni bəhlulların, toralların yetişməsinə şərait yaradılmalı idi. Problem tək əcnəbi məşqçilərdə deyil, onları milliyə gətirənlərdədir. Hər zaman yerli mütəxəssislərə güvənilməsinin tərəfdarı olmuşam. Bu gün futbol elə vəziyyətə salınıb ki, yerli-əcnəbi çalışdırıcı müzakirələrindən öncə ümumi futboldakı olan qlobal problemlərə baxılmalıdır. Futbola kompleks yanaşma olmadan ciddi uğurların qazanılması mümkün deyil. Azərbaycan futbolunun problemi sistemsizlik, şəxsi maraqlar, inkişafı təmin edəcək işlək mexanizmin olmaması, yaradılmamasıdır. Baş məşqçi seçiminə kompleks tədbirlərin tərkib hissəsi kimi baxılmalıdır. Ancaq bu halda irəliləyişə nail olmaq olar".