Qara Qarayev ADNSU-da gənclərin maarifləndirilməsi görüşünə qatılıb
Gənclərin maarifləndirilməsi məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirilib.
Mediasport.az xəbər verir ki, Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü ilə baş tutan və “#KarabakhTalks” müzakirələr platforması çərçivəsində keçirilən görüşdə Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov, əslən Qarabağdan olan tanınmış futbolçu Qara Qarayev, eləcə də ADNSU-nun professor-müəllim heyəti və 300-ə yaxın tələbəsi iştirak edib.
Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi çıxışı zamanı Vətən müharibəsində tarixi qələbədən sonra regionda yeni reallıq yarandığını deyib və Qarabağ Dirçəliş Fondunun səfiri kimi doğma Qarabağın bərpasına töhfə verə biləcəyi üçün çox şad olduğunu söyləyib.
Qara Qarayev işğaldan azad edilən ərazilərin bərpasında, eləcə də Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolundan da danışıb, onları bu sahədə daha fəal olmağa çağırıb.
Sonra işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə həsr olunan videoçarx nümayiş etdirilib.
İki saata yaxın davam edən görüş daha sonra sual-cavab sessiyası ilə davam edib. Tədbir iştirakçıları tələbələrin ünvanladıqları çoxsaylı sualları cavablandırıblar.