"Qarabağ"da ilk günlərim heç də asan keçməmişdi" - Juninyo

"Qarabağ"da ilk günlərim heç də asan keçməmişdi" - Juninyo

"Qarabağ"ın forvardı Olavio Juninyo Portuqaliyanın "ojogo.pt" saytına ("O Jogo" nəşri) açıqlama verib.

Mediasport.az xəbər verir ki, 28 yaşlı braziliyalı əvvəlcə Portuqaliyanın "Çaveş" klubundan Azərbaycan çempionuna transferi haqda danışıb.

Hücumçu deyib ki, Ağdam klubuna tez adaptasiya olub:

"Mənə təqdim edilən layihəyə və UEFA Çempionlar Liqasında oynamağa görə klubumu dəyişdim. Uşaqlıq arzum Çempionlar Liqasında oynamaq üçün gəldim. Doğrudur, hazırda həmin turnirdə mübarizə aparmırıq. Buna baxmayaraq, Avropa Liqasında yolumuza davam edirik. Qollarımı sıralamağa davam edirəm. Çünki komandanın oyun üslubuna və baş məşqçimizin təlimatlarına uyğunlaşmışam. Hər şey məhz bundan başlayır".

Juninyo 2012/13 mövsümündən bu yana Azərbaycanda oynayan, vaxtilə Portuqaliyada da forma geyinmiş Riçard Almeyda ilə tanış olduğu üçün özünü şanslı hesab etdiyini vurğulayıb:

"Əslən braziliyalı Riçardla eyni komandada olmağım bu ölkəyə uyğunlaşmağımı asanlaşdırdı. Mənə çox kömək edib. Ona minnətdaram. "Qarabağ"da ilk günlərim heç də asan keçməmişdi".

"Sambaçı" cari mövsüm "köhlən atlar"ın Avropa Liqasının qrup mərhələsindəkı rəqibi "Bayer"lə qarşılaşmaları yuxu adlandırıb: "O qarşılaşmalarda stadionda fərqli atmosfer var idi. Mənim üçün inanılmaz təcrübə oldu. Hamı bilir ki, Avropada keçirilən matçlar asan olmur".

"Köhlən atlar"ın Azərbaycan Premyer Liqasında bombardiri sonda UEFA Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə matçlarını dəyərləndirib:

"Həmin oyunlar nə bizim üçün, nə də onlar üçün asan olacaq. "Braqa" əla komandadır. Biz də həmin duelə hazırlaşırıq".

Rövşən