"Sabah Bakıda asan olmayacaq - "Qarabağ" güclü komandadır"
Sabah AVRO-2024-ün seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq İsveç millisinin baş məşqçisi Yanne Andersson oyunqabağı mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, 61 yaşlı mütəxəssis Bakıda onları çətin görüşün gözlədiyini deyib.
Təcrübəli məşqçi səfərə qələbə dalınca gəldiklərini vurğulayıb:
“Təəssüf ki, qrupdan çıxmaq şansımız yoxdur. Amma yenə də matçlara eyni düşüncə ilə yanaşırıq. Yaxşı çıxış etmək və qələbə qazanmaq istəyirik. Yanaşmamız da heç bir dəyişiklik yoxdur. Sabah rəqibə çətin anlar yaşatmaq istəyirik. Azərbaycan yığmasına qarşı martda oynamışdıq. Qələbə qazanmağımıza baxmayaraq, həmin oyunda xüsusən ilk hissədə çətinliklərimiz olmuşdu. Rəqibin müdafiə xəttini fasilədən sonra yara bildik. Fikrimcə, sabah da bizim üçün asan olmayacaq".
Andersson UEFA Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın İsveç təmsilçisi “Hekken”lə eyni qrupda yer almasından məlumatlı olsa da, əsas diqqətini milli komandaya yönəltdiyini qeyd edib: “Ətraflı məlumatım yoxdur, ancaq onu deyə bilərəm ki, “Qarabağ” güclü komandadır, avrokuboklarda uğurlu çıxış edir. Ümid edirəm ki, bizim təmsilçimizin də çıxışı uğurlu olacaq".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - İsveç matçı saat 21:00-da start götürəcək.
F qrupunda mübarizə aparan komandamız 6 oyundan 4 xalla 4-cü pillədə qərarlaşıb, aktivində 7 xal olan İsveç millisi isə üçüncüdür.