Qayayadırmanma festivalı üçün 100-dən çox idmançı müraciət edib
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən qayayadırmanma üzrə açıq festivalda iştirak etmək üçün 100-dən artq idmançı qeydiyyatdan keçib.
Mediasport.az xəbər verir ki, Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən xarici ölkələrdən olan idmançıların iştirak edəcəyi festival kişilər və qadınlar arasında 2 növ - boulderinq və çətinlik mərhələsi üzrə keçiriləcək.
Açıq festivalın baş tutacağı ərazidə xaricdən dəvət olunan mütəxəssis tərəfindən artıq müxtəlif mürəkkəblik dərəcəsi üzrə 40 marşrut hazırlanıb.
Qayayadırmanma festivalının keçirilməsində məqsəd bu idman növünü inkişaf etdirmək, yeniyetmə və gəncləri qayayadırmanma ilə məşğul olmağa həvəsləndirmək, onların yarış texnikalarının təkmilləşməsinə kömək etmək və gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edə biləcək idmançılar yetişdirməkdən ibarətdir.
Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən qayayadırmanma üzrə açıq festival oktyabrın 7-8-də Abşeron yarımadasında yerləşən Korgöz massivində təşkil olunacaq.