Heydər Əliyevin yubileyinə həsr edilmiş beynəlxalq turnir yekunlaşdı
Bakıda keçirilən Beynəlxalq mini futbol turniri başa çatıb.
mediasport.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Mini Futbol Federasiyasının (AMF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda təşkil olunmuş beynəlxalq turnirə yekun vurulub.
1-6 may tarixlərində Bakı Tennis Akademiyasında keçirilən yarışda 10 ölkənin milli komandası mübarizə aparıb. Turnirin final qarşılaşmasında Serbiya və Çexiya komandaları üz-üzə gəlib. Oyun çexlərin 4:3 hesablı qələbəsi ilə nəticələnib.
3-cü yer uğrunda oyunda isə Azərbaycan və Qazaxıstan seçmələri görüşüb. Matç heç-heçə yekunlaşıb - 2:2. Penaltilər seriyasında Qazaxıstan yığması qələbə qazanıb.
Serbiya millisi gümüş, Qazaxıstan təmsilçisi bürünc mükafata sahib çıxıb.
Turnirin bağlanış mərasimində qalib komandaya kubok təqdim edilib. Eyni zamanda yarışın ən yaxşı qapıçısı seçilmiş Ondrey Beran (Çexiya), ən sərrast futbolçu Denis Lanka (Çexiya) və ən yaxşı futbolçu adına layiq görülmüş Veselin Qubereniç (Serbiya) AMF tərəfindən qiymətli hədiyyələrlə təltif olunub.