"Qəbələ" bir futbolçusunu yola saldı, digəri üçün də qapı açıqdır
2021-ci ilin sentyabrından "Qəbələ"də forma geyinən Omar Hani bölgə klubunu tərk edib.
Mediasport.az saytına verilən məlumata görə, ötən illərdə komandanın əsas heyət futbolçusu olan 25 yaşlı iordaniyalının cari performansı məşqçilər koprusunu radikal addım atmağa vadar edib.
Baş məşqçi Elmar Baxşıyevin raportuna əsasən, yarımmüdafiəçi ilə müqaviləyə xitam verilib. Tərəflər yollarını qarşılıqlı razılaşma əsasında ayırıblar.
Qeyd edək ki, Haninin şimallılarla anlaşması mövsümün sonuna qədər idi. O, Qəbələ təmsilçisinin heyətində 64 oyun keçirib, 5 qol vurub.
"Qəbələ"nin bugünlərdə ümidləri doğrultmayan daha bir legioner - Zurab Oçiqavanı da yola salacağı bildirilir.
Lakin gürcüstanlı müdafiəçinin yayda 2 illik müqaviləyə qol çəkdiyini nəzərə alsaq, bölgə təmsilçisi onunla təzminatsız vidalaşmağın yollarını götür-qoy edir.