"Bu mənim "Qarabağ"ım idi"

"Bu mənim "Qarabağ"ım idi"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində “Ludoqorets”i məğlub etdikləri görüşdən sonra fikirlərini bölüşüb.

Mediasport.az xəbər verir ki, mütəxəssis 7:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

Futbolçularımı təbrik edirəm. Həqiqətən, bu oyunda məğlub olsaq da, həzz alırdım. Bakıda bu komandanın gücünü görmüşdüm.

Bizə xoş olmayan oyun üslubları var idi. İlk hissədə öndə olsaq da, standart vəziyyətlərdən qol buraxdıq. Rəqibin üstün olan əks-hücumlarında ehtiyatsız davrandıq.

Oyundan əvvəl də uşaqlarla danışmışdıq ki, sona qədər soyuqqanlı olmaq vacibdir. İlk dəqiqələrdə həyəcan oldu, amma oyunu ələ ala bildilər. Ümidsiz deyil idim. Bakıdakı məğlubiyyətdən sonra da demişdim ki, belə matçlardan çox keçmişik. Vacib, gərgin oyunlarımız olub və dözmüşük. Hətta demişdim ki, 120 dəqiqə də dözməli ola bilərik.

Futbolçularıma əhsən, afərin düşür. Hər birini təbrik edirəm. Qələbə öz yerində, bu cür oyunlar həm futbolçularımızı, həm klubu böyüdür, daha xarakterli oluruq və futbol daha da sevilir.

Ələlxüsus da, azarkeşlərdə adrenalin görəndə daha çox sevinirəm, sanki triller idi. Bu, mənim, Azərbaycanın “Qarabağ”ı idi”.

Qurbanov pley-off mərhələsindəki rəqibləri Zaqreb “Dinamo”su haqda da danışıb:

İnanın ki, rəqib haqda məlumatım yoxdur. Bütün fikrimiz bu oyunda idi. “Dinamo” böyük təcrübəyə malikdir. Çalışacağıq ki, rəqibi yaxından tanıyaq.

Mərhələ keçildikcə daha güclü, dinamik komandalar olur. Buna hazır olmalıyıq. Bu oyunun sevincini tez zamanda yaddan çıxarmalı və növbəti matçlara hazırlaşmalıyıq. Təcrübəmiz var, maksimum hazır olmağa çalışacağıq. Oyunun gedişatında rotasiyalar belə matçlarda vacibdir.

İnanıram ki, futbolçular bu görüşə hazır olacaq. Çox istərdim ki, bu kollektiv Çempionlar Liqasının qruplarında olsunlar. Hamı bunu istəyir. Bu günə kimi böyük işlər gördük. Nə də olsa, azarkeşlərimizi sevindirməyə çalışacağıq.

Məğlub olanda da bizə inam böyük olub. Minimum döyüşkənliyimizi qoruyacağıq.

Soyuq başla bu oyuna hazırlaşmalıyıq. Qarşımızda həqiqətən, böyük təcrübəyə malik komanda olacaq”.