"Rahatlaşa bilmərik, çünki bizi Bakıda cavab oyunu gözləyir”
"Rəqibimizin çox güclü olmasına baxmayaraq, oyunu yüksək səviyyədə keçirdik. Hesabı açdıqdan sonra "Qarabağ" üstünlüyü ələ keçirdi".
Mediasport.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi "Dinamo"nun baş məşqçisi Sergey Yakiroviç deyib.
Xorvatiya klubunun çalışdırıcısı ilk görüş çərçivəsində dünən Zaqrebdə keçirilmiş qarşılaşma haqqında təəssüratlarını bölüşüb.
Bosniyalı mütəxəssis 3:0 hesablı qələbə qazanmalarına baxmayaraq, Azərbaycan çempionunun çox güclü komanda olduğunu qeyd edib:
"Qarabağ”la bağlı oyundan əvvəl dediklərimin hamısı reallaşdı. Hücumda və müdafiədə güclüdürlər. Futbolçularımı təbrik etmək istəyirəm. Rəqib komandanın futbolçuları ilk fürsətdə təhlükəli olurlar və yaxşı oynayırlar. 60-cı dəqiqəyə qədər müdafiədə problemimiz olsa da, sonradan səhvləri düzəldə bildik. Son dəqiqələrdə dəqiq oynasaydıq, daha çox qol vura bilərdik. Ümumilikdə rəqibin zəif nöqtələrindən istifadə etməyi bacardıq. Nəticədən razıyıq, amma rahatlaşa bilmərik, çünki bizi Bakıda cavab oyunu gözləyir”.
Xatırladaq ki, komandalar arasında cavab matçı avqustun 28-də Bakıda baş tutacaq.