Rövşən Nəcəf "Neftçi" ilə bağlı 2 MÜHÜM QƏRAR verdi - EKSKLÜZİV!
Köklü islahatlar astanasında olan "Neftçi"də bugünlərdə 2 ciddi dəyişiklik reallaşacaq.
SOCAR-dan MediaSport.az saytına daxil olan məlumata görə, Müşahidə Şurasının rəhbəri Rövşən Nəcəf AFFA-nın keçmiş baş katibi Elxan Məmmədovun yaxın adamı sayılan klub prezidenti Kamran Quliyevlə bağlı qərarını qətiləşdirib.
Uğursuz imic formalaşdırmış Quliyevin istefaya göndəriləcəyi artıq an məsələsidir. Əldə etdiyimiz daha bir maraqlı xəbər isə "ağ-qaralar"ın keçmiş idman direktoru Ceyhun Sultanovla bağlıdır.
SOCAR rəhbərliyi 44 yaşlı funksioneri komandaya geri qaytarmağa hazırlaşır. Təsadüfi deyil ki, yaxşı seleksiya bacarığı ilə seçilən Sultanov iyulun əvvəlində Rusiyaya yollanaraq "PARI Matç Kubok" turnirində iştirak edən komanda ilə birlikdə olub, qeydlərini aparıb.
Veteran futbolçu paytaxt klubu üçün gözaltı etdiyi yerli və əcnəbi oyunçuların siyahısını da hazırlayıb, sadəcə, rəhbərlik yeni baş məşqçinin işə başlamasını gözləyir ki, fəaliyyət rabitəli olsun.