"Kimin pulu çoxdursa, yaxşıları heyətinə cəlb edir" - Azərbaycan klubuna YENİ SPONSOR gəlir

"Kimin pulu çoxdursa, yaxşıları heyətinə cəlb edir" -  Azərbaycan klubuna YENİ SPONSOR gəlir

Mediasport.az futbol üzrə Azərbaycan 1-ci Liqasında yarışan “Zaqatala” klubunun İdarə heyətinin üzvü Musa Qurbanovun "Futbol+" qəzetinə müsahibəsini təqdim edir:


Musa müəllim, klub uzun müddət idi maliyyə problemləri üzündən əziyyət çəkirdi. Nəhayət, bu yöndə ciddi addımlar atıldı. Öncə müzakirə olunan əsas mövzulara toxunaq...

– Bəli, FİF-in layihəsi bizim üçün önəmli idi. Çox istəyirdik ki, maddi durumumuzda müsbət mənada dəyişikliklər olsun. Çünki ciddi problemlərlə üz-üzəyik. Tədbirin keçirilməsində əziyyəti olan hər kəsə təşəkkür edirəm. Hiss etdik ki, iştirakçıların hər biri “Zaqatala”nın çatışmazlıqlarına can yandırır və həll olunmasını arzulayır. Planlarımız baş tutsa, qısa zaman ərzində bir çox problemi artıq geridə qoymuş olacağıq. Bütün iştirakçılar söz verdi ki, klubun gələcəyi üçün əlindən gələni əsirgəməyəcək.

Bir neçə sponsorunuzun olduğu bəlli idi. Lakin onlar tərəfindən sizə cüzi miqdar ayrılırdı. Tədbirdən sonra artıq daha ciddi rəqəmlərdən danışmaq mümkündü?

– Düzdü, bir neçə şəxs aylıq ianələrlə bizə yardım edir. Amma bu, son bir ayda baş verib. Yəni əvvəllər hər hansı maddi dəstəyimiz olmayıb. Şad xəbər odu ki, zaqatalalı iş adamlarından biri bizimlə müqavilə imzalamaq istəyir. İnşallah, buna nail olsaq, büdcəmizdə xeyli artım olacaq. Hələ adını açıqlamaq istəmirəm. Lakin özü də bizə dəstək olmaq istədiyini, “Zaqatala”nı dirçəltməyin vacibliyini dilə gətirib.

Büdcənin arıtımıyla bağlı əlavə nəsə planlaşdırılıb?

– Dediyim kimi, üç-dörd nəfər bizə aylıq ianə edirdi. Bu sayı ona çatdırmaq istəyirik. Danışıqlar davam edir. Sağ olsunlar, kömək etmək istəyənlər var.

Deməli, tədbirin faydalı olduğunu söyləmək mümkündü. Belədə stadionla bağlı problemləri aradan qaldırmaq asanlaşacaq...

– Əslində borcumuz bitmək üzrədi. Stadionla bağlı Gənclər və İdman Nazirliyinə təşəkkür etmək istəyirəm. Maddi durumumuzun uyğun olmadığını nəzərə alıb pulsuz oynamağımıza şərait yaratdılar. Biz də həm bu məsələylə, həm də başqa mövzularla bağlı borclarımızdan xilas olmağa çalışdıq. Düzdü, ümidliyəm, pozitiv danışıram. Lakin hələ konkret bir şey yoxdu. Tezliklə danışıq apardığımız şəxslərlə yekun razılıq əldə olunacaq.

Bizdə olan məlumata görə, büdcənin kasadlığı fonunda heyətlə bağlı problemlər yaşayırsız.

– Elədi. İnanın ki, 2-ci liqada çıxış edən klubların bəzilərinin maliyyəsi bizdən çoxdu. Nəticədə futbolçularımıza təklif göndərib bizim verdiyimizdən daha çox maaş təklif edirlər. Gedən də olur, yoluna bizimlə davam etmək istəyən də... Bəzilərinin müqavilə müddəti davam etdiyindən gedə bilmirlər. Üstəlik yerli futbolçu kasadlığı da var. Kimin pulu çoxdursa, yaxşıları heyətinə cəlb edir. Qəribə vəziyyətdi - legioner yerli futbolçudan daha az maaşa oynamağa razı olur. Yəqin ki, maliyyə durumumuz düzələndən sonra belə problemlər geridə qalacaq.

Əslində vaxt azdı. Mövsümün ikinci yarısının başlamasına təxminən 2 həftə qalıb. Görünür, heyətlə bağlı ciddi dəyişiklik olmayacaq.

– Bəli, əlimizdə olan heyətlə yola davam etməli olacağıq.

Bəs klubun hədəfi nədi?

– Əlbəttə, hər kəs çempionluq arzulayar, lakin reallıq onu göstərir ki, orta pillələrdən birində qərarlaşa bilərik. Təbii ki, bu haqda prezidentimiz Şaban Şirdanov və ya baş məşqçimiz Rüstəm Məmmədov daha dəqiq danışa bilər.