"Mingəçevir reqatası-2024": Təmsilçimizdən uğurlu start
"Mingəçevir reqatası-2024"ün ilk yarış günündə Azərbaycan komandası 9 medal qazanıb.
Mediasport.az xəbər verir ki, turnirin 1-ci gününü təmsilçimiz 2 qızıl, 3 gümüş, 4 bürünc olmaqla ümumilikdə 9 medalla tamamlayıb.
Komandamıza ilk qızıl medalı bir nəfərlik kayak qayığında 2006-2007-ci il təvəllüdlü idmançılar arasında 500 metr məsafəyə yürüşdə Amil Ramazanov qazandırıb.
Əlimurad Hacızadə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında bir nəfərlik kayak qayığında həm 500, həm də 1000 metr məsafəyə yarışda gümüş medala layiq görülüb.
İki nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yürüşdə 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Niyaz Məlikov-Elvin Əliyev dueti üçüncü yer tutub.
Bir nəfərlik kanoe qayığında 1000 metr məsafəyə yarışda 2008-2009-cu il təvəllüdlü idmançılar arasında Cavid Vəlizadə bürünc medal əldə edib.
Akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqda 1500 metr məsafəyə 2006-2007-ci il təvəllüdlü avarçəkənlərin mübarizəsində idmançılarımız bir dəst medala sahib olub. Nurlan Paşayev "qızıl", Cahangir Məmmədli "gümüş", Məhəmməd Niftullayev "bürünc" qazanıb.
Bir nəfərlik akademik avarçəkmədə 2010-2011-ci il təvəllüdlü idmançılar arasında 1000 metr məsafədə Məhəmməd Həsənov fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
12 ölkədən 100-dək idmançının iştirak etdiyi "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin rəsmi açılış mərasimi Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar sabah ilk dəfə Füzulidə, Aşağı Köndələnçay su anbarında baş tutacaq.
18 oktyabrda Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində son final yarışları və bağlanış mərasimi keçiriləcək.