Şəhid jurnalistlərə həsr olunmuş stolüstü tennis yarışı keçirilib
“Şüa” İdman-Sağlamlıq Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Stolüstü Tennis Federasiyası və “BrendSport.az” saytının təşkilatçılığı ilə şəhid jurnalistlərin xatirəsinə həsr edilən stolüstü tennis yarışı keçirilib.
mediasport.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan idman festivalı çərçivəsində baş tutan yarış üç qrupda - qazilər, jurnalistlər və ictimaiyyətin tanınmış nümayəndələri arasında təşkil olunub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində iştirakçıları salamlayan “BrendSport.az” saytının rəhbəri Bəhruz Səmədov, güləş üzrə Olimpiya kateqoriyalı hakim Hicran Şərifov, Azərbaycan Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova çıxış edərək doğma Vətənin bütövlüyü uğrunda canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızın hər zaman yaddaşlarda yaşayacaqlarını bildiriblər. Qeyd edilib ki, şəhidlik zirvəsinə ucalan cəsur, igid əsgərləri, qəhrəman oğulları Azərbaycanın hər bir vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidirlər.
Çıxışçılar Ulu Öndərin müstəqil dövlətimizin qurulmasında, bütün sahələrin, o cümlədən də idmanın inkişafında böyük rolu olduğunu vurğulayıb və iştirakçılara uğurlar arzulayıblar.
Sonra şəhid ailələrinə təşəkkürnamə və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Şəhid jurnalist Məhərrəm İbrahimov əvvəlki stolüstü tennis yarışlarında həmişə iştirak edib və mükafatçılar sırasında yer alıb.
Turnirdə hər üç qrupda ilk dörd yeri qazanan iştirakçılara Stolüstü Tennis Federasiyası tərəfindən pul mükafatı və sponsorlardan qiymətli hədiyyələr verilib.