Sərbəst güləşçimiz İsa Yusibov Avropa çempionu adına yiyələnib
Azərbaycanın sərbəst güləşçisi İsa Yusibov Serbiyanın Novi Sad şəhərində keçirilən 17 yaşlıların Avropa çempionatında "qızıl" qazanıb.
Mediasport.az xəbər verir ki, bu gün sərbəst güləşdə 48, 55, 65, 80 və 110 kiloqramda medalçılar müəyyənləşib.
Hacıhüseyn Əhmədzadə (48 kiloqram) belaruslu Vladislav Lisitsaya tam üstünlüklə (10:0) qalib gələrək bürünc medala sahib çıxıb.
Hüseyn Hüseynov (55 kiloqram) əvvəlcə təsəlliverici görüşdə moldovalı Viktor Vdoviyə heç bir şans tanımayıb - 10:0. Axşam seansında belaruslu Artyom Pavluçenkanı (3:0) üstələyən Hüseyn fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
İsa Yusibov (65 kiloqram) finalda rusiyalı Yasin Bersanukayevlə gərgin görüş keçirib. Son saniyələrdə sevimli fəndini icra edən Gəncə güləş məktəbinin yetirməsi 3:1 hesablı qələbə ilə Avropa çempionu olub.
Məhəmməd Abbaszadə (80 kiloqram) təsəlliverici görüşdə macarıstanlı Levente Şikşaydan güclü olsa (6:0) da, bürünc medal uğrunda qarşılaşmada ermənistanlı Sahak Hovannisyana sonuncu xal prinsipinə əsasən (4:4) məğlub olub.
Muxamad Qantemirov (110 kiloqram) finalda rusiyalı Movsar Saydulayevə sonuncu xal prinsipinə əsasən (1:1) uduzaraq gümüş medalla kifayətlənib.
Beləliklə, sərbəst güləşçilər AÇ-nin son günü ərəfəsində 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.