Olimpiadaya lisenziya turniri: Kandelaki də ümidləri doğrultmadı
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində uğursuz çıxış edib.
Mediasport.az xəbər verir ki, 130 kq çəkidə yarışan Beka Kandelaki yarımfinalda Sergey Semyonova (AİN) 0:9 hesabı ilə məğlub olub.
Bu gün Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) də ümidləri doğrultmayıb.
Beləliklə, yunan-Roma güləşçilərimiz Bakı yarışından olimpiadaya lisenziya qazana bilmədilər. "Paris-2024"ədək son imkan mayda Türkiyədə olacaq.
Sabah qadın güləşi üzrə millinin 5 üzvü xalça üzərinə çıxacaq. Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) ölkəmizi bu növdə təmsil edəcək.
Son yarış günündə estafet sərbəst güləşçilərə keçəcək. 5 pəhləvanımız - Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Georgi Meşvildişvili (125 kq) döyüşə atılacaq.
Qeyd edək ki, yarışda hər çəkidə finala yüksələcək iki güləşçi olimpiadaya yollanmaq imkanı qazanacaq.