"Parisə öz qızıl medalım üçün gedirəm, o məni orada gözləyir"

"Parisə öz qızıl medalım üçün gedirəm, o məni orada gözləyir"

"Özümü yaxşı hiss edirəm. Son olaraq Qubada sərbəst və yunan-Roma güləşi üzrə milli komandalarımızla birlikdə hazırlıq keçdik. Pozitiv əhval-ruhiyyədə Olimpiya Oyunlarında çıxışımı gözləyirəm".

Bu sözləri Mediasport.az saytına açıqlamasında Azərbaycanın qadın güləşçisi Mariya Stadnik deyib.

Karyerasında 5-ci dəfə olimpiadaya qatılacaq dünya qadın güləşinin əfsanəsi "Paris-2024"ə hazırlıq, nəticələr, gözləntilər və.s. barədə danışıb.

Dördqat Olimpiya medalçısı əvvəlcə komandamızın Fransada indiyə olan nəticələri haqda fikirərini bölüşüb:

"İlk qızıl medalımızı qazandıq. Cüdoda idmançımız Hidayət Heydərov Olimpiya çempionu oldu. İnsanlar üçün bəlkə də bu, sadəcə, bir medal kimi görünə bilər. Amma idmançı kimi onu deyə bilərəm ki, burada nə qədər əmək var, nə qədər insan işləyib, üstəlik neçə illər işləyib ki, məhz bu qızıl medalı qazansın. Dünyada bütün idmançılar çempion olmaq üçün böyük əmək srəf edir. Bunun üçün həyatından, gərək, uzun illər verəsən. İntizam və güc lazımdır".

O, Heydərovun Olimpiya çempionluğunun asan başa gəlmədiyini, bunun üçün uzun və çətin yol qət etdiyini diqqətə çatdırıb:

"Yəqin ki, onun Olimpiya çempionluğuna qədər neçə dəfə uduzduğunu bilirsiz. Çoxlu medallar qazanmaq üçün zaman lazımdır. Gərək, hər şey üst-üstə düşsün, istedadllı uşağı tapasan, onunla işləyəsən və.s. Amma qısa müddətdə nəticə almaq mümkün deyil. İndi düşünün ki, Hidayət Heydərov qızıl medal qazanmaq üçün həyatının neçə ilini verib. Nə qədər güc qoyub".

İkiqat dünya çempionu 2021-ci ildə Tokyoda keçirilmiş Olimpiya Oyunlarında idmançılarımızın uğursuz çıxışları barədə bunları qeyd edib:

"Yaponiyada belə bir problemimiz olmuşdu ki, çox idmançımız yaşlı idi, karyeralarının sonunu keçirirdi. Belə deyim, keçid dövrü idi. Yaşlı idmançılar karyerasını bitirirsə, gərək, gənclər olsun. Bunun üçünsə zaman lazımdır ki, onlar böyüsün, məşq etsin. Təbii, hamı istəyir ki, dərhal Olimpiya oyunlarına yollansın və medal qazansın. Amma hər şey bu cür asan olmur. Bunun üçün əmək və zaman lazımdır".

10 dəfə Avropa çempionu olmuş Mariya azərbaycanlı idmansevərlərin bu olimpiadada da əsas ümidlərinin güləşçilər olmasını normal qarşılayır:

"Güləş komandamıza ümid deyəndə...Gəlin, belə danışaq, güləş, demək olar, bizim milli idman növümüzdür. İnsanlarımız güləşi sevirlər, çoxlu uşaqlar bu idman növü ilə məşğul olurlar. Təbii ki, bütün ümidlər güləşçilərə olur. Hər Olimpiya oyunlarında biz medallar gətiririk. Tokyo, Rio və.s. Olimpiya oyunlarında medallar qazanmışıq. Toğrul Əsgərov, Şərif Şərifov kimi çempionlarımız var. Doğrudur, əyarı hər dəfə qızıl olmayıb, idmandır. Sonradan gümüş, bürünc medallarımız oldu, təəssüf ki, qızıl olmadı. Bayaq dediyim kimi, idman böyük əmək, iş tələb edir. Gümüş və ya bürünc medal kənardan bəlkə də çox şirin görünməyə bilər, amma bunun üçün həyatının neçə ilini verirsən..."

O, Azərbaycan güləşçilərinin bu dəfə Vətənə qızıl medalla qayıdacaqlarına inandığını vurğulayıb:

"Ümid edirəm ki, güləşçilərimiz hər zaman olduğu kimi, bu dəfə də Vətənə medallarla qayıdacaq. Təbii ki, hamının "qızıl"la qayıtmasını istəyirsən. Azərbaycanı layiqincə təmsil etmək də çox önəmlidir. Bütün dünya bilir ki, Azərbaycan necə güclüdür, necə güclü idman ölkəsidir. Ona görə bu dəfə də olimpiadada maksimum medal qazanmaq istəyirik. Hamımız yalnız çempion olmağa köklənmişik. Artıq hər şey Parisdə məlum olacaq. Allah qoysa, biz güclü olarıq (gülmsəyir)".

Stadnik karyerasında 5-ci dəfə olimpiadaya qızıl medal dalınca yollanacağını və bunun üçün çalışacağını bildirib:

"Özümdən nə gözləyirəm? Sonuna qədər inanıram. Mən Parisə öz qızıl medalım üçün gedirəm. O qızıl məni orada gözləyir. Bu mənim üçün 5-ci Olimpiya Oyunları olacaq. Bu mənim tariximdir, bu mənim həyatımdır. Yəqin ki, karyeramda 5-ci olimpiada olmasından insanlar görür ki, mən güləşi necə sevirəm və bu idman növünə necə bağlıyam. Saysız-hesabsız çempionluqlarım, medallarım var. Lakin bu titullar məni heç vaxt güləşməyə davam etmək yolunda, medallar qazanmaq, ölkəmizi təmsil etmək, bayrağımızı yüksəltmək yolunda heç vaxt dayandırmayıb".

Əfsanəvi güləşçi gənclərə tövsiyə verməyi də unutmayıb:

"Bizdə tez-tez gənc idmançılarda olur ki, medal qazandıqdan sonra məşqləri unudurlar və.s. Düşünürlər ki, yəqin, bu, onların maksimumudur. Təvazökarlıq olmasın, özümü nümunə göstərmək istəyirəm ki, uzun müddət və çoxlu nəticələr göstərmək, medallar qazanmaq olar. Əsas odur, gördüyün işi sevəsən və əfsanə olasan. Vacib olan o deyil ki, bir dəfə hardasa medal qazanasan, daha sonra hamı səni unutsun. Gənclərə nümunə olmaq lazımdır. Qoy səənə baxan səndən motivasiya alsın. Çox gənc idmançıya məğlubiyyətlərə, uğursuzluqlara baxmayaraq, sona qədər necə getmək lazım olduğunu, işini necə sevməli olduğunu göstərməyə çalışmışam və buna Parisdə də davam etməyə çalışacam. Hər şey Allahın əlindədir. Əgər bu yoldayamsa, Allah da məni bu yolla aparır. Demək ki, mən də bunu edəcəm və istədiyimi alacam".

Qeyd edək ki, Mariya Stadnik Olimpiya Oyunlarında 4 medal qazanıb (2008 və 2020-ci illərdə bürünc, 2012 və 2016-cı illərdə gümüş).

Elvin