Tərlan Əhmədov "Kəpəz"ə neçə futbolçu cəlb edəcək? - AÇIQLAMA
"Kəpəz"ə baş məşqçi təyinatından sonra komanda daxilində ilkin "təmizləmə əməliyyatı" aparan Tərlan Əhmədov Gəncə klubunda köklü islahatları qış fasiləsində edəcək.
Bu barədə mediasport.az saytına açıqlama verən təcrübəli mütəxəssis "Kəpəz"də işlərin qaydasına düşəcəyinə inandığını deyib.
- Rəhbərlik lazım olan şəraiti yaradıb. Yeni baza da tikilir. Gəncə həmişə futbol şəhəri olub. Ümid edirəm ki, burada yaxşı işlər görəcəyik. Çatışmazlıqlar çoxdur, inşallah, zamanla düzəldəcəyik. Qış transfer pəncərəsində heyəti bütövlükdə dəyişməyəcəm. Gəncləri də komandaya cəlb etməklə yanaşı, 5-6 yeni transfer etməyi planlaşdırırıq".
51 yaşlı məşqçi Gəncə klubuna baş məşqçi təyin ediləndən sonra əvvəlcə təcrübəli hücumçu Rauf Əliyevi əsas komandadan uzaqlaşdırıb. O, hazırda "dubl"da oynayır. Ardından vitse-kapitan Əli Səmədov cəzalandırılaraq əvəzedici heyətə göndərilib. Tərlan Əhmədov açıqlamasında Səmədovun daxili nizam-intizam qaydalarına və baş məşqçinin tapşırıqlarına əməl etmədiyinə görə cəzalandırıldığını deyib.