"İşlərimiz yaxşı getmir, amma gənclərin potensialı ümid verir"
"Hələ ki, işlərimiz yaxşı getmir. Turnir cədvəlinə baxanda bunu görmək olur. Amma ümdiverici nələrsə var".
Bu sözləri MediaSport.az saytına açıqlamasında "Şamaxı"nın kapitanı Elvin Məmmədov deyib.
Təcrübəli yarımmüdafiəçi turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan bölgə klubunun çıxışı barədə danışıb, gənclərin potensiallı olduqlarını bildirib:
"Komandadakı uşaqların hamısının istedadı var, üzərlərində işləsələr, 2-3 ildən sonra yaxşı yerlərdə ola bilərlər. Gənclərlə birlikdə oynamağın müsbət tərəfi odur ki, enerjilidirlər, həvəslidirlər. Bu mənə də müsbət mənada təsir edir. Mənfi cəhətləri yalnız Premyer Liqa təcrübələrinin olmamasıdır. Onlara zaman lazımdır. Səhvlərindən nəticə çıxarmaq üçün bir qədər vaxt keçməlidir. İnanıram ki, inkişaf edəcəklər".
Milli komandamızın sabiq üzvü "Şamaxı" rəhbərliyinin komandanın qarşısına qoyduğu məqsəddən söz açıb: "Yeni qurulan komandayıq, rəhbərlik də yeni formalaşıb. Komanda ilə hər an maraqlanırlar. Hamısı işləməyə həvəsi olan insanlardır. Gənclərin potensialı gələcəyə nikbin baxmağa ümid verir. Rəhbərliyin bizdən istək və tələbi yalnız əzmkarlıq, sona qədər mübariz olmaqdır. Döyüşkənlik, həvəs, istedad varsa, nəticə də zamanla gələcək. Hər oyun bizim üçün çətin, ağır keçir. Amma inkişaf var, növbəti tur evdə "Qəbələ"yə qarşı da layiqli mübarizə aparmağa çalışacağıq".