Məmmədyarov irəliləyib, Teymur Rəcəbov mövqeyini qoruyub
Beynəlxalq Şahmat Federasiyası (FİDE) noyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə malik Teymur Rəcəbovun mövqeyi dəyişməyib.
36 yaşlı qrosmeyster 2745 xalla 14-cü pillədə qərarlaşıb.
Şəhriyar Məmmədyarov (2734) 1 pillə irəliləyərək, 16-cı sıraya yüksəlib. Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2679) isə 5 pillə yüksələrək 53-cü yerə qalxıb. 2644 xalı olan Rauf Hüseynov 99-cudur.
Siyahıya norveçli Maqnus Karlsen (2829) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçi Fabiano Karuana (2795), üçüncü sırada çinli Din Liren (2780) yer alıb.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2441) 29-cu pilləyə yüksəlib. Ülviyyə Fətəliyeva (2395) 57-ci, Gövhər Beydullayeva (2383) 68-ci, Gülnar Məmmədova (2350) isə 94-cüdür.