UEFA "Qarabağ"ı və futbolçusunu cərimələyib - Ən azı iki oyun...
"Qarabağ" UEFA tərəfindən 45750 avro (təxminən 84532 manat) cərimələnib.
Mediasport.az xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə cavab matçında (2:3) lazer şüalarından istifadəyə görə 8000, təhqir xarakterli təxribatçı mesaj ucbatından 22500, ictimaiyyətə müraciət sistemindən düzgün istifadə edilməməsi səbəbindən 5000, komandanın düzgün olmayan davranışına görə 7500 avro cərimə ödəyəcək.
1/8 finalın "Bayer"lə (Leverkuzen) Bakıda keçirilən görüşdə (2:2) azarkeşlər pirotexniki vasitələrdən istifadə etdikləri üçün "köhlən atlar" 2750 avro ziyana düşüb.
Eyni zamanda, qitənin ali futbol turniri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevi iki oyunluq cəzalandırıb.
Buna səbəb 23 yaşlı cinah müdafiəçisinin Bakıda "Braqa"ya qarşı keçirdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) hakimi təhqir etməsi olub.
Elvin Bakıda Almaniyanın "Bayer" klubuna qarşı 1/8 final mərhələsinin ilk görüşünü (2:2) buraxsa da, cavab qarşılaşmasında (2:3) mübarizə aparmışdı. Bir sözlə, Cəfərquliyev daha bir avrokubok matçında çıxış edə bilməyəcək. Müdafiəçi Leverkuzendəki matçda da qırmızı vərəqə aldığı üçün avrokuboklarda ən azı iki oyunu buraxacaq.
Xatırladaq ki, "Qarabağ" cari mövsüm Avropa Liqasının 1/8 finalında Almaniyada "Bayer"ə uduzub (2:3) və turnirlə vidalaşıb.