Veteran güləşçimiz Yunanıstanda dünya çempionu tituluna yiyələnib
Yunanıstanın Lutraki şəhərində veteranlar arasında güləş üzrə dünya çempionatı keçirilib.
Federasiyadan Mediasport.az saytına verilən məlumata görə, ölkəmizi sərbəst güləşdə Cəlal Süleymanov (62 kq), yunan-Roma güləşində isə Xalid Cəfərov (70 kq) və Elgiz Məmmədov (88 kq) təmsil ediblər.
Cəlal Süleymanov qazaxıstanlı Medet Raximbay (tuş), yaponiyalı Ken Kikuçi (5:0) və amerikalı Benjamin Kyara (4:1) qalib gələrək dünya çempionu olub.
Xalid Cəfərov amerikalı Ceyms Ferqusona (9:1) tam üstünlüklə qalib gəsə də, yarımfinalda serbiyalı Milan Mariçə uduzub – 0:8. Cəfərov İsveçli Karl Qranbomu minimal fərqlə məğlub edərək (6:5) bürünc medala sahib çıxıb.
Elgiz Məmmədov rusiyalı Şamil Abulmuslimov (9:0), qazaxıstanlı Bakitjan Nuradinov (tuş) və amerikalı Kayl de Berrini (10:2) vaxtından əvvəl məyus edib. Həlledici görüşdə bolqarıstanlı Plamen Palevə 3:8 hesabıyla uduzan Məmmədov ardıcıl 2-ci dəfə dünya ikincisi olub.
Beləliklə, güləşçilərimiz mundialda bir dəst medal qazanıblar.
Qeyd edək ki, DÇ-də hakimlərimizdən Xəyal Əliyev, Sevinc Yusibova və Eldar Bayramov ədaləti qoruyub.