DÇ-2023: Osman finalda, 2 güləşçimiz üçün "bürünc" şansı
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında finala yüksəlib.
Mediasport.az xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini məğlub edərək, həlledici görüşə vəsiqə qazanıb.
Nurmaqomedov bu gün qızıl medal uğrunda görüşdə qazaxıstanlı Rizabek Aytmuxanla üz-üzə gələcək.
Yarışın ikinci günündə mübarizəyə qoşulan Turan Bayramov (74 kq) və Orxan Abasov (79 kq) da bu gün medal döyüşünə çıxacaqlar. Onlar 3-cü yeri qazanmağa çalışacaqlar.
57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə isə 1/8 finalda məğlub olaraq DÇ-ni medalsız başa vurub.
Qeyd edək ki, lisenziya xarakterli dünya çempionatı sentyabrın 24-də başa çatacaq.