Yığmamızın baş məşqçisi: "Ümid edirəm ki, öhdəsindən gələrik"
"Ölkə xaricində çıxış edən futzalçılarımız dünəndən komandaya qoşulublar. Bir-iki nəfərdə yüngül problem var. Gecə komandamız səfərə çıxacaq".
Mediasport.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov DÇ-2024-ün elit-raund mərhələsində sentyabrın 15-də səfərdə Rumıniyaya qarşı keçirəcəkləri oyunla bağlı jurnalistlərə açıqlamasında deyib.
Rəqibin dörd oyununu izlədiklərini bildirən 41 yaşlı mütəxəssis komandanın taktiki baxımdan necə oynadığını, müdafiədə necə hərəkət və nə zaman pressinq etdiklərini bildiklərini söyləyib: “Artıq oyunçulara da müəyyən fikirlərimizi çatdırmışıq. Son iki məşqimizi Rumıniyada reallaşdıracağıq və son tapşırıqları orada verəcəyik. Komanda ilə birgə oyun epizodlarına baxış olacaq. Şanslar bərabərdir”.
O, Niderland millisini isə hələlik analiz etmədiklərini vurğulayıb: “Ancaq müəyyən informasiyamız var. Onların hazırkı baş məşqçisini yaxşı tanıyırıq. Vaxtilə bir yerdə işləmişik, Rusiyada oynayanda məşqçim olub”.
Vitali Borisovun sözlərinə görə, bu oyun onun yığmanın baş məşqçisi kimi debüt matçı olacaq: “Hər kəs uğurlu nəticə qazanmaq istəyir. Ümid edirəm ki, biz də bunun öhdəsindən gələrik. Komandada əhvali-ruhiyyə yaxşıdır”.
Qeyd edək ki, yığmamız sentyabrın 20-də Bakıda Niderland yığması ilə qarşılaşacaq.