"Hamı görür ki, heyətdə kimlər olanda komanda necə oynayır"
Azərbaycan yığma komandasının hücumçusu Mahir Emreli Avstriya ilə oyundan sonra Mediasport.az saytına müsahibə verib...
Son iki oyun haqda fikirlərini bölüşərdin...
- Estoniya ilə matç nəticə və oyun baxımından bizim üçün yaxşı oldu. Bu gün ilk hissədə qol epizodlarımız olmasa da, topla oynamağa çalışırdıq. İkinci yarıda daha yaxşı oyun alındı. Çalışırdıq ki, hamımız bir yerdə hücuma gedək. Nəticəyə görə üzülürəm. Çünki, bu gün nəinki 1 xala, hətta 3 xala da layiq idik.
Tribunaların boş olması səni təəccübaləndirdi?
- Azarkeşlərin olması futbolçular üçün həmişə böyük motivasiyadır. Futbolu onlara görə oynayırıq.
Estoniya ilə oyunda əvəzlənərkən narazılığın etdin. Səncə, bu gün ehtiyatda qalmağın ona görə idi?
- Həmin an vura bilmədiyim zərbələr gözümün önündən keçirdi. Özüm özümə deyinirdim, baş məşqçilik bir şey yox idi. Bu gün start heyətdə olmamağımın səbəbini bilmirəm.
Sən oyuna daxil olanda azarkeşlər arasında coşqu yarandı. Necə fikirləşirsən, meydanda daha çox olsaydın, nəsə edə bilərdin?
- Təbii ki. Çünki evdə oynayırdıq. Daha çox vaxt olsaydı, bəlkə nəsə etmək olardı. Artıq olub bitdi. Azarkeşlərin coşqusu mənə motivasiya verir. Hər dəfə top ayağıma gələndə nəsə olacağını gözləyirdilər. Ümid edirəm ki, gələcəkdə mənə inanan hər kəsin ümidlərini doğruldacağam.
Əsasən son iki rəsmi oyunda səninlə Musanın az şans qazanmağı ab-havanıza təsir etmir?
- Yox. Klub başqa, milli başqadır. Kluba gedəndə burada baş verənləri unudursan. Məşqçinin öz fikridir. Bu sualların cavabını o daha yaxşı bilər. Bu gün xaricdə oynayan futbolçuların çox olması müsbət məqamdır. Bir dostum var. Həmişə deyirdi arzu edirəm ki, millimizin bütün futbolçuları toplanışa xaricdən gəlsinlər. Bu gün təxminən o mənzərə var.
Belə fikir var ki, hazırkı milli müstəqillik dövrünün ən yaxşı futbolçularından formalaşıb. Səncə, bu heyətlə hansı formada nəticə qazana bilərik?
- Bu heyətlə 4-5 ildir oynayırıq. Lüksemburq millisinə baxın. Neçə illərdir bir yerdə oynayırlar. Bu gün artıq seçmə mərhələni keçməyə yaxındırlar. Portuqaliyaya məğlub olublar, amma komanda futbol oynayır. Taktiki məqamlar baş məşqçilərin verəcəyi qərardır. Hamı görür ki, heyətdə kimlər olanda komanda necə oynayır.
"Dinamo"da ötən illə müqayisədə daha çox şans qazanırsan...
- Keçən il baş məşqçi ilə problemlər yaşayırdım. İstər-istəməz bu, meydanda da görünürdü. Bu il nisbətən yaxşıdır. Baş məşqçi nə qədər çox güvənsə, futbolçu bir o qədər canla-başla oynayacaq. Son oyunların çoxunda əsas heyətdə olmuşam. Komandama fayda verməyə çalışıram. "Dinamo" məni futbolçu kimi çox böyütdü, formalaşmağımda köməyi çox oldu. Böyük futbolçularla oynamaq, məşq etmək adama fayda verir. Fərqi hiss edə bilirsən. "Dinamo"nun böyüklüyü hamıya məlumdur. Komandamız "Top-5" liqalardakı çox klubdan zəif deyil.
Avrokuboklarda ardıcıl uğursuz çıxış etdiz. Bunun səbəbi nə idi?
- Məncə, hər şey AEK-lə oyundan başlandı. Bizim üçün şok oldu o matç. 90-cı dəqiqəyə kimi 2:0 öndə idik. Sonra bəzi oyunçular da komandadan getdi. Bunun da təsiri oldu. Daha sonra toparlanmağa çalışırdıq. Belə alındı.
Adın "Neftçi" ilə hallanırdı, deyilənə görə, Adrian Mutu şəxsən səni istəyib. Xəbərin var?
- Yox, mənim xəbərim yoxdur, belə şey olmayıb.
Əsasən səndən sonra xaricə gedən futbolçularımızın sayı artdı. Demək olar ki, azərbaycanlı futbolçuların xaricdə qalmaq çətinliyinin tilsimini sən qırdın?
- Bu barədə heç vaxt düşünməmişəm. Əgər az da olsa, fayda verə bilmişəmsə, buna görə çox şadam. "Dinamo"da ötən il çox çətin mövsüm keçirdim. Başımı aşağı salıb hər şeydən vaz keçəsi deyiləm. Çalışmalıyıq, çətinliyə dözməliyik. Bu məsələdə deyirəm ki, "Dinamo" məni çox böyütdü.
Legioner həyatı yaşayan futbolçularımızdan səninlə məsləhətləşən olub?
- Yox. Mənim getdiyim komandaya kimsə gəlsə, o zaman məsləhətləşmək olar. İndiki məqamda futbolçuların mənimlə məsləhət edəsi durumu yoxdur. Əlbəttə, legioner həyatının çətinlikləri var. Bəzən tək olmaq çətindir. Məndə dil baxımından problem olmadığı üçün adaptasiya dövrünü rahat keçirəm. Ürəyim istəyəndə də ailəm yanıma gələ bilir. Hər şeyin öhdəsindən gəlmək olar. Baxır qarşına qoyduğun məqsəd nədir. Ona doğru irəliləmək lazımdır.
Elvin