Açıq Bakı çempionatı və paytaxt birinciliyinə yekun vurulub
İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi başa çatıb.
Mediasport.az xəbər verir ki, iki gün davam edən yarışlarda Balakən Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi, “Ocaq Sport” Klubu (Bakı və Sumqayıt bölmələri), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi və “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbindən 24-ü qadın və 29-u kişi olmaqla ümumilikdə 53 idmançı medallar uğrunda mübarizə aparıb.
Qadın idmançılar dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlərdə, kişi gimnastlar isə sərbəst hərəkətlər, gimnastika atı, halqalar, dayaqlı tullanma, paralel qollar və turnikdə özlərini sınayıblar.
Çempionatın sonunda böyüklər (2008-ci il və daha böyüklər), gənclər (2011-2009), yeniyetmələr (2011-2012), uşaqlar (2013-2014), balacalar (2015-2016), kiçiklər (2017) yaş kateqoriyalarında qalib gələn idmançılara medal, diplom və hədiyyələr təqdim edilib.