Azərbaycan Kubokunun qalibi ölkəmizi Avroliqada təmsil edəcək

 Azərbaycan Kubokunun qalibi ölkəmizi Avroliqada təmsil edəcək

Azərbaycan Kubokunda limit Premyer Liqaya uyğun olacaq. Komandalar meydanda 7 əcnəbi oyunçunun xidmətindən yararlana biləcəklər.

Mediasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov Azərbaycan Kubokunun 2023/2024 mövsümünün püşkatma mərasimində məlumat verib.

Qurum rəsmisi tapşırıqları yerinə yetirdikləri üçün klublara təşəkkür edib: “Builki mövsüm əvvəlkilərdən fərqlənir. Çünki yeni liqa yaradıldı, əvəzedicilərlə I Liqa ayrıldı. Aşağı liqalarda problemlər var, bunu inkar etmirik. Azərbaycan Kubokunda 34 komandanın olması isə PFL tarixində rekord saydır. Bir çox komanda bu turnirdə iştirak etməklə təcrübə toplayacaq”.

O, ölkə kubokunun qalibinin Avropa Liqasına vəsiqə qazanacağını xatırladıb: “Bu amil turnirə marağı daha da artıracaq”.

E.Abbasov əlavə edib ki, ölkə kubokunda VAR sistemindən istifadə olunacaq. Ancaq bu, yalnız sistem quraşdırılan stadionlarda mümkün olacaq.