Azərbaycan millisinin baş məşqçisi: "Bizdən üstün oynadılar"
"Bilirsiniz ki, milli komandanı yenidən formalaşdırırıq. Budəfəki heyətimiz, demək olar, sırf Azərbaycan çempionatında çıxış edən futzalçılardan ibarətdir".
Mediasport.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vitali Borisov deyib.
Gənc mütəxəssis beynəlxalq yoldaşlıq oyununda Gürcüstan yığması ilə matçdan sonra federasiyanın mətbuat xidmətinə açıqlama verib.
Baş məşqçi 2:3 hesablı məğlubiyyəti belə şərh edib:
"Bu görüş 2024-cü ildə ilk beynəlxalq oyunumuz idi. Uşaqlardan razı qaldım. Sona qədər mübarizə apardılar. Gürcüstan millisi də zəif komanda deyil. Bizdən üstün oynadılar. Narazı qaldığım məqam iki qolu standart vəziyyətdən buraxmağımızla bağlıdır. Bu da bir yerdə çox işləməməyimizin nəticəsidir. Bu cür oyunları çox keçirməliyik ki, uşaqlar inkişaf etsinlər".
Qeyd edək ki, komandalar sabah növbəti dəfə qarşılaşacaqlar.