Futbol Şamaxıya yaraşır!

Futbol Şamaxıya yaraşır!

“Şamaxı” və “futbol” sözlərinin birlikdə səslənməsi əvvəl-əvvəl ictimaiyyətə bir qədər qəribə gəlirdi. “Keşlə”nin adının növbəti dəfə dəyişdirilərək “Şamaxı” olması “Şamaxı hara, futbol hara?” sualına rəvac versə də, idmanın şahının bölgəyə, xüsusən futbolla bağlı tarixi keçmişi, böyük ənənəsi olmayan, lakin ölkənin ən mühüm şəhərlərindən birinə yönləndirilməsi hər baxımdan respublika, o cümlədən ətraf zonaya əlahiddə üstünlük qazandırmaya bilməz.

Bu gün dəniz səviyəsindən 749 metr yüksəklikdə yerləşən qədim Şirvanşahlar dövlətinin paytaxtı, dahilər diyarı Şamaxının əhalisi, xüsusən orta və gənc nəsil artıq bölgədə futbolun varlığına xüsusi diqqət, sevinc hissi ilə yanaşır, böyük futbolun buraya gətirilməsinə ciddi rəğbət bəsləyir. Ən azından “Neftçi” ilə oyundan əvvəl şəhərdə apardığım qısa müşahidə belə düşünməyə əsas verir.

Əsasən, gələcəyimiz sayılan məktəblilərin futbola ciddi maraq göstərməsi, stadiona əllərində üçrəngli, müqəddəs al bayrağımızla yollanması qürurverici mənzərəyə yol açır. Gələcəyə nikbin baxmağa ümid verir. Görüntülər bu gözəl-göyçək balaların gələcəkdə futbolçu olmasalar da, vətənpərvər, dövləti sevən vətəndaş olacaqlarına əminlik yaradır. Ən vacib məqamlardan biridir bu.

Cavid Hüseynov-Vüqar Əsgərli tandeminin “Şamaxı” adına gördüyü işlər də rayonda insanların futbola olan marağını birə-beş artırıb. Heyəti tamamilə azərbaycanlılardan formalaşdırılmış kollektiv təzə doğulmuş uşaq kimi tez-tez büdrəsə də, bünövrəsində əzm, iradə və döyüşkənlik kimi mühüm elementlərin özünü aşkar büruzə verməsi yaxın gələcəkdə Şamaxıda futbol adına ciddi uğurların mümkünlüyünə işarə edir. Klub rəhbərliyi və AFFA-nın məqsədi sonradan dəyişməsə, təbii.

Futbola birbaşa dövlət dəstəyinin, ciddi maliyyə yardımlarının göstərilməsi və heyət fonunda komanda bütün oyunlarda yaxşı təsir bağışlayır, turnir cədvəlindəki yerləri ürəkaçan olmasa belə. Yaddan çıxarmayaq ki, “Neftçi”, “Sabah”, yaxud “Qarabağ”ın bir futbolçusunun aylıq maaşı (özlərinə qismət-red.) “Şamaxı”nın 7-8 oyunçusunun 30 günlük qazancından çoxdur.

Bu mənada “Şamaxı” futbolçularının iddialı komandalara qarşı ciddi müqavimət göstərmələri, sonadək mübarizə aparmaları alqışalayiq və çox vacib elementlərdən sayılmalıdır. “Sabah” kimi yüksək maliyyə dayaqları olan komandanın “Şamaxı”ya məğlub olması və ya “Neftçi” kimi köklü, illik 12-13 milyon manat büdcəsi olan klubun “Şamaxı”ya zor-çətinliklə qalib gəlməsinin özü də burada görülən işlərin düzgün aparıldığının nümunələrindən biridir.

Artıq yetərincə yerli futbolçunu ölkəyə tanıdan, yolunu açan, potensialını göstərməsinə imkan yaradan klubun tutduğu strategiyanı davam etdirsə, yaxın gələcəkdə adından ciddi söz etdirəcəyi şübhə doğurmur. Çünki əsas olan bünövrədir, təməldir. “Şamaxı”da isə əsas özül görünür. Qalır doğru yolla davam etmək.

Elvin ƏHƏD