"Nə olubsa, keçmişdə qalıb"
Futzal üzrə Azərbaycan milli komandasının oyunçusu Tofiq Mikayılov DÇ-2024-ün elit mərhələsinin Rumıniya ilə matçından öncə fikirlərini bölüşüb.
Mediasport.az xəbər verir ki, o, meydana qələbə qazanmaq üçün çıxacaqlarını vurğulayıb:
"4-5 gündür təlim-məşq toplanışı davam edir. Biz də özümüzü göstərmək istəyirik. Hazırlıq prosesi çox yaxşı keçir. Əvvəlki matçlarda mən yox idim. Uşaqlar yaxşı oynamışdılar. Nə olubsa, keçmişdə qalıb. Növbəti iki matçda qələbə qazanmaq niyyətindəyik".
Minifutbolda da çıxış edən Mikayılov onu futzalla müqayisə edib:
"Peşəkarlıq cəhətdən futzal daha yaxşıdır. Bir az komandaların sayı çox olsa, daha yaxşı olar və oyunçuların sayı çoxalar. Minifutbolda komanda sayı çoxdur. Bu səbəbdən bir az maraqlı və həyəcanlı gəlir. Ümid edirəm ki, növbəti mövsümdə futzalda da komanda sayı çoxalacaq".
Dekabrın 15-də keçiriləcək Azərbaycan - Rumıniya görüşü 20:00-da start götürəcək.
Xatırladaq ki, yarışın A qrupuna Qazaxıstan başçılıq edir (12 xal). Niderland 6 xalla ikinci, Rumıniya və Azərbaycan isə 3 xalla müvafiq olaraq, 3-4-cü pillələri bölüşdürürlər.