Azərbaycan millisinin kapitanı Ərəbistanı seçməsi barədə danışıb
"3 həftəyə yaxındır ki, Səudiyyə Ərəbistanındayam, artıq 3 oyuna çıxmışam. Müqavilə ilə "Krasnodar"ın oyunçusuyam. Klubla 2 illik müqaviləm var. Səudiyyə Ərəbistanı klubuna icarə əsasında keçmişəm".
Bu sözləri Mediasport.az saytına açıqlamasında Rusiyanın "Krasnodar" klubunun Səudiyyə Ərəbistanı təmsilçisi "İstern Fleyms"ə icarəyə verdiyi Azərbaycan millisinin futbolçusu Sevinc Cəfərzadə deyib.
Rusiya klublarından da konkret təkliflər aldığını bildirən yığma komandamızın kapitanı yarımadanı seçməsinin səbəblərini izah edib:
"Bura gəlməkdə məqsədim başqa liqada özümü sınamaq, ingilis dili bacarığımı təkmilləşdirməkdir. Çünki burada istər-istəməz ingilis dilində ünsiyyət quracam. Bir növ məcburiyyətdən ingilis dilini öyrənmiş olacam. Hədəflərimdən biri ingilis dilində sərbəst danışmaqdır. Deyə bilərsiniz ki, Sevinc, dili kursa da gedib öyrənə bilərsən. Bəli, mümkündür. Amma indiki halda həm sevdiyim işi görürəm, həm də düşdüyüm mühitdə tezliklə dili öyrənəcəyimə əminəm. Təbii ki, burada maliyyənin də rol oynamadığını desəm, yalan olar. Onun da üstünlüyü var. Ümumiləşdirib qərar verdim ki, Səudiyyə Ərəbistanı variantı daha əlverişli olar".
Lənkəranlı futbolçu "Krasnodar"un ona çox şey qazandırdığını və klubunu çox sevdiyini vurğulayıb:
"Klub rəhbəri ilə danışığım oldu. Desəydilər ki, Sevinc, getmə, getməzdim. Çünki o klub mənə çox şey qazandırıb. Danışdıq, qərar verəcəyim halda mənə hər cür kömək edəcəklərini bildirdilər. Klubumun fikri mənim üçün daha önəmli idi. Onlardan razılıq aldıqdan sonra ərəblərlə danışıqları sürətləndirib 1 illik icarə əsasında iş yerimi dəyişməyə qərar verdim. 6 ay və ya 1 illik təklif var idi, daha uzun müddət olmasını istədim".
29 yaşlı yarımmüdafiəçi yeni klubu "İstern Fleyms"də artıq 3 oyun keçirdiyini, liqanın səviyyəsinin yüksək olduğunu qeyd edib:
"Buraya gəldiyim günün ertəsi oyunumuz vardı. Məşq etmədən "Əl-İttihad"a qarşı 15-20 dəqiqə oynadım. Sonra "Əl-Riyad"la matçda da 10 dəqiqə mübarizə apardım. Hələ daha çox məşq etməli və komandaya uyğunlaşmalıyam. 3 gün öncə "Əl-Nəsr"ə qarşı 90 dəqiqə forma geyindim. 0:2 uduzsaq da, maraqlı və çətin görüş oldu. Liqanın səviyyəsi xoşuma gəlir. Oyunlara çox yaxşı hazırlaşırlar, ciddi təşkilatlanma var. Kişilərdən ibarət komandalarda olduğu kimi, qadınların liqasında da hər oyun canlı yayımlanır. Açığı, belə yüksək səviyyədə liqa olacağını gözləmirdim. Rəqabət yüksək səviyyədədir. Hələlik bizim klubun bazası yoxdur, amma burada hər bir şəraiti olan evlər var. Legioner oyunçular orada qalırlar".
Rövşən